Mobil Qan Klinikası uşaqları pulsuz müayinə edəcək

Azercell-

2018-ci il fevralın 27-də Azercell Telekom MMC və Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən uşaqların sağlamlığının qorunması istiqamətində birgə sosial layihəyə start verilib. Layihə çərçivəsində Hepatit B, C, C-reaktiv zülal, QİÇS kimi xəstəliklərin təyin edilməsi məqsədilə Azercell-in Mobil Klinikasında RMDM-in peşəkar tibb heyəti tərəfindən "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyasında məskunlaşan uşaqlardan qan analizləri götürülüb və müayinələrin cavabı Azercell Telekom MMC-nin şəbəkəsi ilə himayəçi valideynlərin mobil telefonlarına, eləcə də müəssisənin direktoruna təqdim edilib. Məlumatlar Azercell Telekom MMC tərəfindən avtomatlaşdırılmış texnologiyada tam məxfi olaraq arxivləşdirilib. Layihənin gələcəkdə daha geniş sosial qruplarda reallaşdırılması planlaşdırılır.

Pilot xarakter daşıyan layihənin həyata keçirilməsində məqsəd uşaqların sağlamlığı sahəsində keyfiyyətli tibbi xidmət göstərmək və gələcəkdə yarana biləcək xəstəliklərin erkən aşkarlanmasını təmin etməklə uşaqları qorumaqdır. Sosial layihənin məhz Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə birgə həyata keçirilməsi RMDM-in Bakıda ən yüksək beynəlxalq tibbi standartlara cavab verən JCI (Joint Commission International) akkreditasiyasından keçərək xüsusi qızıl rəngli fərqləndirmə nişanı ilə təltif edilmiş ilk və tək tibb müəssisəsi olması və bu mərkəzdə müasir, ən yaxşı avtomatik analizatorlarla təchiz olunmuş, ISO15189 sertifikatını almış laboratoriyanın fəaliyyət göstərməsidir.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin 22 illik fəaliyyəti ərzində həyata keçirdiyi layihələrin böyük qismi uşaq hüquqlarının qorunması, uşaqların sağlamlığı və rifahına yönəlib. "Uşaq Qaynar xətti", "Uşaq Paralimpiya Komitəsini", "Mobil Diş Klinikası", "Mobil Göz Klinikası", uşaqların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün "Universal Müdafiə", "Android üçün müdafiə", "Valideyn müdafiəsi" xidməti və s. layihələr bu gün də uğurla həyata keçirlir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz     

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də "Opensignal" və "Testmy.net" kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.