Pasha Bank_2

PAŞA Bank ölkənin gömrük məntəqələrində POS-terminallar şəbəkəsinin quraşdırılmasına dair geniş miqyaslı layihəyə başlamışdır. Bu layihə xarici iqtisadi fəaliyyət ilə məşğul olan yerli sahibkarlığın dəstəklənməsinə və nağdsız ödənişlərin stimullaşdırılmasına zəmin yaradacaqdır.

Layihə çərçivəsində Bakıda və ölkənin 7 regionunda fəaliyyət göstərən gömrük məntəqələrində POS-terminallar quraşdırılmışdır, yaxın gələcəkdə isə ölkə ərazisində fəaliyyət göstərən bütün Gömrük İdarələrində POS-terminalların quraşdırılması nəzərdə tutulub. POS-terminallar vasitəsi ilə bütün növ gömrük ödənişlərini kart vasitəsi ilə həyata keçirmək mümkün olacaq.

PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini Cavid Quliyevin sözlərinə görə, xarici iqtisadi fəaliyyət ilə məşğul olan şirkətlər, o cümlədən PAŞA Bank müştəriləri olan "Korporativ" və "Gömrük" kartlarına malik hüquqi şəxslər bu POS-terminal şəbəkəsi vasitəsi ilə rüsumları və vergiləri rahat şəkildə ödəməklə daha sərfəli tariflərdən faydalanacaqdır.


Qeyd edək ki, PAŞA Bank əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi, yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi üçün rüsum və digər müvafiq vergilərin sürətli ödənişlərinin həyata keçirilməsi üçün müştərilərinə xüsusi kart – "Gömrük" kartı təqdim edir. Kartın istifadəsi müştərilərimizə gömrük ödənişləri üzrə əməliyyatlarını rahat formada izləmək, hesabatlıq və təhlil sistemini yaratmaq üçün imkanlar verir. 

PAŞA Bank  

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: amir.mammadov@pashabank.az

Bank haqqında:

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən "Azərbaycanın ən yaxşı kommersiya bankı", "Azərbaycanın ən yaxşı bank qrupu", "Azərbaycanın ən yaxşı fərdi bankı" mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına, EMEA Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" mükafatına, "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik" mükafatına və "Azərbaycanın ən yaxşı investisiya Bankı" mükafatlarına, Euromoney tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az