Özbəkistan Respublkasının səfirliyi tərəfindən Fairmont Baku otelində Özbəkistan Müstəqilliyinin 27-ci il dönümü münasibəti ilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə, Azərbaycan hökumət rəhbərliyindən mə`sul şəxslər, biznes və kommersiya strukturlarının rəhbərləri, habelə KİV nümayəndələri iştirak etmişlər. Tədbirdən Özbəkistan Respublkasının Azərbaycanda səfiri Ş.Fayziyev cənablarının çıxışını sizə təqdim edirik.

Bir daha hamınızı salamlayır və Müstəqillik günü münasibəti ilə səfirliyin qəbulunda iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm.

Sentyabrın 1-də bütün özbək xalqı ölkəmizin həyatında tarixi gün olan Müstəqillik gününü geniş şəkildə qeyd edir.

İyirmi yeddi il bundan öncə ölkəmizdə dövlət müstəqilliyi elan edilmişdir. Qürurla bildirmək istərdim ki, qısa bir dövrdə Özbəkistan dünya ictimaiyyətində layiqli yer tapmasında, dövlətçilik və mənəvi dəyərlərinin, müqəddəs dinimizin, adət-ənənələrimizin dirçəldilməsində böyük uğurlar əldə etmişdir.

Hazırkı mərhələdə islahatların effektivliyinin artırılması, dövlət və cəmiyyətin sürətlə inkişafı üçün şəraitin yaradılması, ölkənin modernləşdirilməsi və həyatın bütün sahələrinin liberallaşdırılması məqsədilə, Özbəkistanda Prezident Şavkat Mirziyoyev tərəfindən irəli sürülmüş inkişafın beş prioritet istiqamətləri üzrə Fəaliyyət Strategiyasının həyata keçirilməsinə başlanılmışdır.

2021-ci ilədək nəzərdə tutulan Strategiyada ictimai və dövlət quruculuğunun təkmilləşdirilməsi, qanunun aliliyinin təmin edilməsi və məhkəmə-hüquq sisteminin islahatı, iqtisadiyyatın və sosial sahənin daha da inkişaf etdirilməsi, təhlükəsizliyin təmin edilməsi, millətlərarası həmrəylik və dini tolerantlıq, konstruktiv dialoq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslansn dərin düşünülmüş xarici siyasətin davam etdirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir.

Fəaliyyət Strategiyasında "xalq dövlət orqanlarına xidmət etməli deyil, dövlət orqanları xalq naminə xidmət etməlidir" prinsipi dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilir.

Özbəkistanın xarici siyasətində, yaxın və uzaq xarici dövlətlərlə dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdən biridir.

Bu kontekstdə Özbəkistanın xarici siyasətinin vacib istiqamətlərindən biri və başlıcası kimi Azərbaycanla qarşılıqlı səmərəli münasibətlərin inkişafı və möhkəmlənməsi irəlidə gəlir.

Son illər ərzində bu əməkdaşlığın inkişafında keyfiyyətcə yeni mərhələnin şahidi oluruq. Demək olar ki, bütün sahə və istiqamətlərdə fəallaşma müşahidə olunur. 2018-ci ilin ilk yeddi ayının yekunlarına görə 129 faiz yüksələn əmtəə dövriyyəsinin artımı bunun əyani göstəricisidir.

Şübhəsiz ki, sıx və etibarlı münasibətlərin qurulması və milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin yaxınlığı və bənzərliyi dərin tarixi köklərə əsaslanır. Əminəm ki, iqtisadiyyat, ticarət, nəqliyyat, humanitar sahələrdə əlaqələrin qurulmasında mövcud qarşılıqlı maraq, həmçinin gələcək ali və yüksək səviyyələrdə əlaqələr xalqlarımızı daha da yaxınlaşdıracaq və qardaşlıq münasibətlərimizi möhkəmləndirəcək.

Sonda fürsətdən istifadə edərək, Zati-aliləri İlham Əliyevə və Azərbaycan xalqına xoşbəxtlik, möhkəm cansağlığı və davamlı tərəqqi arzulayıram. Əminəm ki, mövcud həqiqi dostluq və sıx əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da davam edəcək, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da inkişaf edəcəkdir.