Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə sentyabrın 29-da Gəncədə Heydər Əliyev Park Kompleksi ərazisində idman avtomobillərinin yarışı və şousu keçiriləcək.

Tədbirdə 40-dan çox avtomobil – “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edəcək. Proqramda həmçinin "Volkicar", drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı və sportkarla “burnout” şousu, drift şoular yer alır. Tamaşaçılar arasında avtomobil idmanı və yol təhlükəsizliyi mövzusunda viktorina keçiriləcək və 20 fəal iştirakçı mükafatlandırılacaq.

Gəncədəki tədbirin sponsorlarından biri Caspian Event Organisers - Azərbaycanda sərgi və tədbirlərin peşəkar təşkilatçısıdır. Şirkətin baş direktoru Fərid Məmmədov qeyd etdi: “Həmfikir insanları, həvəskarları, idmançıları və avtomobil idmanı ilə bir mədəniyyət və həyat tərzi kimi maraqlanan hər kəsi bir araya gətirəcək bu tədbirə sponsorluq etməkdən məmnunuq. Tamaşaçılar küçədə adi bir gündə görsənməyən bir çox avtomobili görəcəklər. Tədbirdə iştirak etməkdə məqsədimiz Azərbaycanın gənc əhalisi arasında avtomobil idmanının populyarlığını artırmaqdır ki, bu da bu idmanla məşğul olanların sayının artmasına səbəb olacaq. Mən özüm 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasının üzvüyəm və AAF-nın bütün tədbirlərində fəal iştirak edirəm. Və burada, Gəncədə, “Volkicar” avtomobillərindən birini özüm idarə edəcəm. Ümid edirəm ki, bu parlaq, möhtəşəm şou heç bir izləyicinibiqanə qoymayacaq. Fürsətdən istifadə edərək, Azərbaycan Avtomobil Federasiyasına bu fürsətə görə təşəkkür edirəm".

Tədbirdə tanınmış pilotlar - "Drift GP International"-ın promouterı Neyl Gann (Niall Gunn), Almaniyanın drifting üzrə çempionu Sebastyan Fonteyn (Sebastian Fontijn), "Drift All Stars Avropa Yarışması"-nın qalibi Martin Riçards (Martin Richards), yarışmanın texniki direktoru "Drift GP International" Antanas Kiguolis (Antanas Kyguolis), eləcə də yerli drift və “Volkicar” pilotları iştirak edəcəklər.