Azərbaycanda yeni layihə - icbari tibbi sığortanın tətbiqi start götürdü. Bu yeniliyi müsbət qiymətləndirməmək qeyri-mümkündür. Layihənin məqsədi ölkənin bütün vətəndaşlarına tibbi və dərman yardımı almaqda bərabər imkan yaratmaq, tibbi xidmətin keyfiyyətini artırmaq, tibb işçilərinin əmək haqqlarını artırmaq, səhiyyə sisteminin effektiv fəaliyyəti üçün əlavə maliyyə mənbələr tapmaqdır.


14733222774506124460_1000x669


Prezident İlham Əliyev Mingəçevir şəhəri və Yevlax rayonunun administrativ ərazilərində icbari tibbi sığortanın (İTS) tətbiqi haqqında sərəncam imzaladı, məhz bu bölgələr səhiyyə islahatları çərçivəsində yeni modelin testi üçün eksperimental platforma olacaq. İTS-in ilkin paketinə daxil olan və olmayan tibbi xidmətlərin siyahısı və qiymətləri artıq təsdiqlənib. Adıçəkilən regionlarda bu sosial əhəmiyyətli layihənin reallaşdırılmasına dövlət büdcəsindən 20 milyon manat ayrılıb.
Layihənin tənzimləyicisi kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi çıxış edir ki, qurum ötən il hazırlıq mərhələsində heç də az iş görməyib. Burada söhbət təkcə dünyanın aparıcı ölkələrinin təcrübələrinin öyrənilməsindən, beynəlxalq mütəxəssislərin iştirakı ilə bu sahənin heyəti üçün treninqlər keçirilməsindən, inkişaf etmiş tibbi infrastrukturu olan pilot rayonların seçilməsindən getmir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin dəyərini müəyyən etmək, tariflərin əsaslandırılması, İTS paketinin hazırlanması az zaman və güc tələb etmədi. İdarəetmə strukturunda da dəyişikliklər baş verdi: pilot tibbi müəssisələr Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verildi (məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi, sanitariya və epidemioloji xidmətlər, əczaçılıq müəssisələri və tibbi təhsil müəssisələri, eləcə də psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla). Bundan başqa, bu ilin yanvar ayında Yevlax rayonunun Mərkəzi Xəstəxanasının və Uşaq Xəstəxanasının bazalarında və Mingəçevir Mərkəzi şəhər Xəstəxanasının bazasında "ictimai hüquqları olan hüquqi şəxs" statuslu ixtisaslaşdırılmış xəstəxana yaradıldı. Orada direktor vəzifəsi açıldı və Könül Ələkbərova ictimai hüquqlu Mingəçevir mərkəzi şəhər xəstəxanasının direktoru, Azər İsmayılov isə ictimai hüquqlu Yevlax rayon mərkəzi xəstəxanasının direktoru təyin edildi. Onlar iqtisadi, administrativ və maliyyə məsələrinə nəzarət edəcəklər. Onların vəzifələrinə həm də korporativ müştərilərin cəlb olunması, xəstəxananın inkişaf strategiyasının işlənib hazırlanması daxildir.
İTS polisləri pilot rayonun əhalisinin bütün kateqoriyaları üçün nəzərdə tutulub. Mingəçevir və Yevlax rayonunda yaşayan əhali haqqında məlumatlar artıq dövlət agentliyinin sərəncamına verilib.
Şöbənin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədovanın We&WE-yə verdiyi məlumata görə, Mingəçevirin əhalisi 103 min nəfər təşkil edir ki, bunun da təxminən 18 mini təqaüdçülər, 20 mindən artığı məcburi köçkünlər, 20 minə yaxını uşaqlar və gənclərdir; təxminən 130 aztəminatlı ailə var. Yevlax rayonunda əhalinin sayı 120 min nəfərə çatır. Onlardan 19 mini təqaüdçülər, 40 mindən artığı uşaqlar, 58 mini işləyənlər, 12 minə yaxını məcburi köçkünlər; 494 aztəminatlı ailələrdir.
Vacib məqam: aztəminatlı ailələrdən, təqaüdçülərdən və uşaqlardan başqa, İTS polislərindən yerli müəssisə və şirkərlərdə işləyənlər də istifadə edə biləcəklər, baxmayaraq ki, qaydalara görə onlar öz əmək haqqlarından İTS üzrə ödəniş etməlidirlər. Başqa sözlə, onlar tam həcmdə tibbi yardımı ödənişsiz ala biləcəklər. Bu xidmətlər dövlət tərəfindən maliyyələşəcək.
"İş orasındadır ki, icbari tibbi sığorta üzrə faiz dərəcəsi hələ müəyyən olunmayıb. Hazırda əhalinin ödəmə qabiliyyəti hesablanır, hesablamaların nəticəsində məbləğ barədə qərar qəbul olunacaq. Milli Məclis qanunvericiliyə dəyişiklik etməlidir. Təkliflər paketi hazırdır və parlametin yaz sessiyasında müzakirə üçün Nazirlər Kabinetinə yönəldilib. Avropada MTS üzrə mükafatların məbləği maaşın 10-15%-ni, bəzən isə daha artığını əhatə edir", - A.Əhmədova bildirib.


726944010


Neçəyə olacaq?
Lakin start götürmüş layihənin əsas məqsədi İTS sistemi üzrə ilkin paket hesab olunur. O, İTS üzrə sığorta olunmuş vətəndaşlara göstərilən tibbi yardımın növünü, sığorta hadisələrinin siyahısını, tibbi xidmətin ödəniş məbləğinin strukturunu, tibbi yardımın ödəmə üsullarını müəyyən edir. MTS-in ilkin proqramı çərçivəsində profilaktik yardım, təcili tibbi yardım (xüsusiləşdirilmiş sanitar və aviasiya təcili tibbi yardımı istisna olmaqla), xüsusiləşdirilmiş tibbi yardım, eləcə də yüksək texnoloji tibbi yardım da daxil olmaqla ilk tibbi-sanitar yardım göstərilir.
Yeniləşdirilmiş MTS qiymət siyahısı – həcm və tibbi xidmətin bütün sahələrinin əhatə etmə etibarilə çox möhtəşəm sənəddir (təxminən 90 səhifə). O, özündə xəstənin müayinə və müalicəsi üzrə 1800-dən artıq xidməti birləşdirir. Söhbət laborator təcrübələrin (459 adda), ambulator (580 adda) və stasionar müalicələrin (677 adda), eləcə də təcili və təxirəsalınmaz yardımın bütün xidmətlərində gedir. Sənəddə xidmətin konkret növlərinin qiymətləri də göstərilib. Məsələn, hamiləliyin ultrasəs müayinəsi, tibbi sığortaya əsasən, 24 manat, rektoskopiya (düz bağırsağın epitelinin diaqnostik müayinəsinin endoskopik üsulu) – 48 manat, beyinin kompüter tomoqrafiyası – 40 manat təşkil edir.
Davam edək. Adi doğuş üçün, xəstəxanada 3 gün qalmaq 300 manata başa gələcək. Çoxdöllü hamiləlik hallarında bu məbləğ 400 manata yüksələcək. Təkdöllü keysəriyyə kəsiyi 400 manata, çoxdöllü – 500 manat təşkil edəcək. Hamiləliyin süni dayandırılması 50 manata başa gələcək.
Siyahıda daha bahalı əməliyyatlar da var. Mədə qanaxmasının saxlanılması əməliyyatı 2100 manata başa gələcək. Xidmətə anesteziya, reanimasiyada 1 gün və 6 gün stasionar müalicə daxildir. Qaraciyər absesi əməliyyatı 980 manatdır. Xidmətə anesteziya və 3 gün stasionar müalicə daxildir. Lakin bu hamısı deyil. Açıq ürək əməliyyatı, daha dəqiq desək, aorta-koronar şuntlama, patoloji prosesin ağırlıq dərəcəsindən asılı olaraq, 4720-6320 manat arası dəyişir. İlkin paket həcmində vətəndaşlara göstərilən xidmətlərin ödənişi dövlət agentliyi tərəfindən həyata keçirilir. Bu məbləğlər tibbi müəssisələrin hesabına köçürüləcək.


Maliyyə - ünvana doğru
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məcburi tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov We&WE-yə bildirdi ki, Azərbaycanda bazar iqtisadiyyatı şərtlərində səhiyyənin sığorta modelinə keçidi, bu sahənin yeni maliyyə mənbələrinin axtarışı, yeni maliyyə dayanıqlığının təmin olunması ilə şərtlənir. Mövcud vəziyyətlə dövlət büdcəsindən tam asılılıq şəraiti ilə müqayisədə, tibbi sığorta modeli səhiyyə sisteminə, keyfiyyətli tibbi yardım almaq üçün daha əlverişli şərait yaratmaq üçün əlavə maliyyə mənbələrindən istifadə etməyə imkan verir. "Pul xəstənin ardınca gedir" prinsipi işə düşəcək, bu da o deməkdir ki, sağlamlığın qorunması sahəsində böyük rəqabət yaranacaq.
Pilot layihə 2018-ci ilin fevralında bitəcək. Ardınca İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni modelin tətbiqinin və effektliyinin nəticələrini analiz edəcək. Bu zaman ərzində İTS üzrə ödənişlərin məbləği haqqında da qərar qəbul olunacaq. Yüksək və aşağı gəlirləri olan insanlar üçün müxtəlif faizlər tətbiq oluna bilər. Bundan başqa, ölkənin iqtisadi vəziyyətini nəzərə alaraq, ödənişin yuxarı sərhəddi müəyyən olunacaq. Ola bilər ki, tibbi sığortanın ödənişlərinin toplanması ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərkibində Dövlət Sosial Müdafiə Fondu məşğul olsun. Məlumdur ki, Dövlət Fondu sosial sığortaların toplanmasında geniş təcrübəyə malikdir, o, sığortalanmış şəxslərə və təqaüdçülərə xidmət üçün elektron sistemi formalaşdırdı.


1474448226_eco


Beləliklə, ölkədə dövlət səhiyyəsinin Avropa nümunəli büdcə-sığorta formasına keçid prosesi başlandı: həm sığorta, həm tibbi sahədə rəqabət, tibbi yardımın keyfiyyətinə nəzarəti gücləndirmək, sığortalanmış şəxslərin hüquqlarının müdafiəsi institutunun gücləndirilməsi. Yeni şərtlərdə bütün vətəndaşların, gəlirlərindən asılı olmayaraq, tibbi xidmətlərin ödənişlərində bazar prinsiplərini pozmadan tibbi yardımda mühüm tələbatlarının təmin olunmasında dövlət əvvəlki kimi zamin rolunu oynayacaq. Xəstəxanaların yeni şərtlərdə işlərinin effektivliyini qiymətləndirmək üçün monitorinqlər keçiriləcək.


İTS üzrə optimal model varmı?
Bu gün dünyada inkişaf səviyyəsinə, müxtəlifliyinə və özünəməxsusluğuna görə şəxsi səhiyyə sistemi olan 200-dən artıq ölkə var. Buna baxmayaraq, bu sistemlərin hər biri 3 ilkin prinsip əsasında qurulub: əlahinin sağlamlığının qorunması, xəstəliklərin müalicəsi, tibbi xidmətlərin ödənişində maliyyə dəstəyinin göstərilməsi. Qərbdə fəaliyyət göstərən səhiyyə sisteminin modelləri fərqlidir: bu əsasən dövlət, əsasən sığorta və əsasən şəxsidir. Maraqlısı odur ki, təmiz vəziyyətdə yuxarıda göstərilən modellərin heç biri bir qayda olaraq yoxdur. Dövlət səhiyyə sistemi olan ölkələrdəşəxsi tibbi sığorta xidmətlərini həyata keçirən müəssisələr ola bilər.
İsveçrə, Avstraliya, Kanada, İtaliya, Böyük Britaniya və bir sıra qabaqcıl ölkələr büdcədən maliyyələşirlər; Avropada sığorta modeli Fransada işləyir, lakin onun effektivliyi hər zaman ekspertlərin və vergi ödəyicilərinin tənqidinə məruz qalır.
İzraildə sığorta ödənişlərinin bazasının yarısı büdcə vəsaitlərinin hesabına formalaşır: bu, bahalı dərmanlar, tibbi ləvazimatlar, mürəkkəb əməliyyatlar üçün kompensasiya ödənişləridir. Dünyada ən yaxşılarından hesab olunan Sinqapurda səhiyyənin sığorta modelində ölkənin vətəndaşlarına göstərilən tibbi yardım xidmətləri xərclərinin 80%-ə qədəri dövlət büdcəsi hesabına ödənilir. Almaniyanın sığorta modelinə əsasən, işsizlərin ödənişini dövlət büdcəsi həyata keçirir.
Daha bir vacib məqam: inkişaf etmiş ölkələrdə, maliyyələşmənin modelindən asılı olmayaraq, tibb müəssisələrində dayanmadan real vəziyyətin monitorinqi keçirilir, ehtiyac olduqca qiymətlər və standartlar yenilənir, xüsusi bir qurum var ki, bu monitorinq üçün məsuliyyət daşıyır.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb