Bu gün əlamətdar tarixlərlə yaddaqalandır. Ümumdünya Xərçənglə Mübarizə Günü, Facebook sosial şəbəkəsinin veb-saytının yaradılması günü məhz 4 fevralla bağlıdır. Bu gün həm də tanınmış müğənni və bəstəkar Polad Bülbüloğlu, hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Azərbaycan fotojurnalistikasının pioneri Faiq Rəcəblinin anadan olduğu gündür.

Polad Bülbüloğlu

polad_byulbyuloglu

Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, hal-hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda SSRİ xalq artisti, Bülbül adı ilə şöhrət qazanmış Murtuza Məmmədovun ailəsində dünyaya gəlib.



Polad Bülbüloğlu 1965-ci ildə bayatılardan istifadə edərək, "Veçerniy Baku", "Bakinskaya osen", "Tı i ya", "Dolalay", "Fialki" kimi məşhur mahnılar silsiləsini yazır. Həm özü, həm də SSRİ-nin digər tanınmış müğənnilərinin ifa etdiyi mahnıları ona xüsusi şöhrət gətirir. Polad Bülbüloğlunun müəllifi olduğu "Pozvoni", "Razdolye", "Ozarenniy mir", "Azərbaycan" mahnıları dövrünün populyar, hər kəs tərəfindən sevilən mahnılarına çevrilmişdi. Müslüm Maqomayev, İosif Kobzon, Lev Leşenko, Lyudmila Sençina kimi estrada müğənnilərinin repertuarına daxil etdiyi bu mahnılar indi də bir çox müğənnilərin ifasında təqdim olunur, sevilərək dinlənilir.
Rejissor Yuliy Qusmanın 1981-ci ildə çəkdiyi "Qorxma, mən səninləyəm" (1981) musiqili filmi Polad Bülbüloğluna böyük populyarlıq gətirdi. O, bu filmin bəstəkarı olmaqla yanaşı, həm də baş rolu ifçısı kimi şöhrət qazandı. 2014-cü ildə filmin davamı kimi, yenə də baş rolda Polad Bülbüloğlu olmaqla, "Qorxma, mən səninləyəm - 1919" çəkildi.
Çoxşaxəli ömür yolu olan Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri, 1988-2005-ci illərdə isə Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri kimi çalışır.

* * *

Şəmistan Əlizamanlı



Hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının müəllifi Şəmistan Əlizamanlı 4 fevral 1959-cu ildə Gürcüstanın Marneuli rayonunda dünyaya gəlib.
O, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. 1986-cı ilin may ayından Azərbaycan radiosunun diktoru vəzifəsində çalışıb.
1993-cü ildə müğənniliyə başlayan Şəmistan Əlizamanlı "İgid əsgər", "Сənab leytenant", "Birinci batalyon", "Şahinlər", "Vətən əmanəti" və digər bu ruhda kimi mahnıları ilə sevilir.
Şəmistan Əlizamanlı 1998-99 və 2002-ci illərdə Almaniyanın müxtəlif şəhərlərində, Türkiyədə, eləcə də Rusiyada, Qazaxstanda, Ukraynada və Türkmənistanda konsert proqramları ilə çıxış edib. O, İsveçrədə "Beynəlxalq Musiqi Festivallarında" iştirak edib. Bundan başqa, türk xalqlarının müxtəlif konqreslərində, eləcə də Ukraynanın Donesk şəhərində keçirilmiş dünya azərbaycanlılarının konqresində iştirak edib.

* * *

Faiq Rəcəbli

Faik-recebli-2

Azərbaycan fotojurnalistikasının pioneri, Azərbaycan Mətbuat Fotoqrafları İttifaqının üzvü Faiq Rəcəbli 4 fevral 1927-ci ildə Gəncədə anadan olub.
Faiq Rəcəblinin fotojurnalistikaya gəlişi təsadüfi olmayıb, uşaqlıqdan bu sahəyə marağı olan fotoqraf həm də ailə ənənəsinin davamçısı kimi yetişib. Onun atası Abbas Rəcəbli "Kommunist" qəzetinin müxbiri, qardaşı Tofiq Rəcəbli isə Moskva radiostansiyalarının birində Koreya şöbəsinin müdiri idi. Digər qardaşı Rauf Rəcəbli isə təxminən 25 il "Gəncənin səsi" qəzetinin redaktoru olub.
1969-cu ildə Faiq Rəcəblinin çəkdiyi fotolar böyük populyarlıq qazanır. Anatoliy Banişevskiy, Sergey Kramarenko, Nikolay Smolnikov kimi bir çox məşhurların fotoları onun fotoqraf fəaliyyətinin uğurlu kadrları sayılır.
Faiq Rəcəbli bütün həyatını çəkilişlərə həsr edib. "Siz boş vaxtlarınızda nə edirsiniz?" sualına "Çəkirəm" - deyə cavab verirdi. Onun arxivində yüz mindən artıq foto var. Hətta yaşının irəliləyən dövrlərində belə o şəkil çəkməyi dayandırmır, beynəlxalq və regional müsabiqələrdə iştirak edirdi.
Faiq Rəcəbli yaxşı kadr üçün lazımi anı tutmaqda unikal məharətə malik fotoqraf kimi xatırlanır. Onun lentə aldıqları arasında belə maraqlı fotolar çoxdur. Məsələn, təsadüfən futbol meydançasına uçub gəlmiş qu quşunun əks olunduğu şəkil kimi.

* * *

Facebookun yarandığı gün

Facebook-create

Fevralın 4-ü istifadəçi sayı 2 milyarda çatan Facebook sosial şəbəkəsinin yarandığı gündür. Bu şəbəkə ilk dövrdə Harvard Universitetinin tələbəri üçün ünsiyyət vasitəsi olaraq yaradılıb. Bu populyar sosial şəbəkənin veb-səhifəsi 4 fevral 2004-cü ildə təsis edilib. Şəbəkənin təsisçisi Mark Zukerberq universitetin yataqxanasında bu portalı hazır edib. Portalın tərkibinə Zukerberqdən başqa daha 3 tələbə də daxil idi - şəbəkənin iqtisadçısı kimi Eduardo Saverin, proqramçının köməkçiləri kimi isə Dastin Moskovis və Kris Xyuz.
Facebook səhifəsinin müasir tarixi belə başladı. İlkin təşviqatın və ilk auditoriyanın formalaşması köhnə və doğma SPAM vasitəsilə həyata keçirildi. Öz saytı sayəsində Mark Zukerberq 23 yaşında ən gənc milyonçu oldu. 2008-ci ilin martında Forbes jurnalı Zukerberqi dünyanın ən varlı adamları siyahısına daxil etdi.
Facebookun o zamanlar mövcud olan digər sosial şəbəkələrdən mühüm fərqi ünsiyyət imkanının olması idi. Bununla da Zukerberq insanlara bir-birləri ilə məlumat paylaşmağın sadə və rahat üsulunu təqdim etdi.
2005-ci ilin sentyabrına kimi səhifəni ancaq tələbələr istifadə edirdi. 2006-cı ilin iyun ayında Facebook professional icmalar üçün açıq oldu, sentyabrda isə saytda azad qeydiyyat istifadəyə verildi.
Facebook.com istifadəçiləri daim artmaqdadır. İnvestorlar aktiv olaraq Facebooka vəsait qoymaqdan çəkinmirlər. 2008-ci ilin əvvəlindən Facebook ingilis dilindən digər 20 dilə tərcümə olundu, 20 iyun 2008-ci il tarixindən saytın rus variantı da işə düşdü.

* * *

Ümumdünya Xərçənglə Mübarizə Günü

rak

Bu qorxunc xəstəlik ona yoluxanlarla bərabər, yoluxanın ətrafındakılar üçün də faciədir. Sağalmaz xəstəlik sayılan xərçəng ilk mərhələdə müəyyən edilərsə, müalicəsinə ümid var.
Məhz buna görə Beynəlxalq Onkoloji Xəstəliklərlə Mübarizə İttifaqı 2005-ci ildə Ümümdünya Xərçənglə Mübarizə Günü ( World Cancer Day) təsis etdi və onun tarixi 4 fevral oldu. Məqsəd xərçəngin diaqnostikasında erkən mərhələnin mühümlüyünü xatırlatmaq, onun daha ağır formalara keçməkdən qarşısını almaqla sağalmağa nail olmağın mümkünlüyün vurğulamadır.
2016-2018-ci illər üçün Beynəlxalq Xərçənglə Mübarizə Gününün devizi "Biz bacararıq. Mən bacararam" şüarıdır. 4 fevral - Ümümdünya Xərçənglə Müabrizə Günündə xərçəngin yükünü yüngülləşdirmək məqsədilə kollektiv və ya individual tədbirlər həyata keçirmək təklif olunur.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb