Tarixin bu günü bir çox maraqlı hadisələrlə xatırlanır. Moskvada 1 saylı qastronom mağazası açılıb (Yeliseev ərzaq dükanı), Leo Bakeland "Bakelit" plastiki icad edib, ilk dəfə suni yolla D vitamini sintez olunub. Həmçinin 5 fevral tarixində tanınmış Azərbaycan bəstəkarı Qara Qarayev, Azərbaycan yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyov, hərbi qulluqçu Cəfərqulu Xan Naxçıvanski, dünya futbol ulduzları Kriştianu Ronaldo və Neymar anadan olublar.

Rüstəm İbrahimbəyov

ibragimbekov_3

Azərbaycan yazıçısı, kinodramaturq və kinorejissor Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. O, yazıçı, nasir, kinodramaturq, rejissor xalq artisti Maqsud İbrahimbəyovun qardaşıdır.
Rüstəm İbrahimbəyova şöhrət qazandıran ssenarisini Valentin Yejov ilə birlikdə yazdığı "Səhranın ağ günəşi" filmi olub. Film ekranlara çıxar-çıxmaz SSRİ-də böyük populyarlıq qazanıb.



Rüstəm İbrahimbəyovun rejissor Nikita Mixalkov ilə yaradıcı əlaqələrinin əsası hələ 1970-ci illərin əvvəllərində, Mixalkovun Rüstəm İbrahimbəyovun ssenarisi əsasında "Müharibənin sonunda sakit gün" adlı ilk filminin çəkilişi zamanı qoyulub. Onların yaradıcı əməkdaşlığının nəticəsi olaraq beynəlxalq səviyyədə tanınmış "Urqa - məhəbbət dairəsi", "Günəşdən usanmışlar" və "Sibir bərbəri" kimi filmlər yaranıb.
Rüstəm İbrahimbəyov 40-dan artıq bədii və televiziya filmlərinin müəllifidir. Onun demək olar ki, bütün ədəbi əsərləri ekranlaşdırılıb. 1989-cu ildə Rüstəm İbrahimbəyov tərəfindən, bədii və sənədli filmlərin istehsalı ilə məşğul olan "İbrus" kino müəssisəsi təsis olunub.
Ədəbiyyata 1962-ci ildə "Azərbaycan gəncləri" adlı komsomol qəzetində "Mürəbbəsiz çörək" adlı əsərinin çap olunması ilə gələn Rüstəm İbrahimbəyovun o vaxtdan etibarən mütəmadi olaraq mətbuatda yazıları çap olunub.
Yazıçının 15 pyesi dünyanın 100-dən çox teatrında nümayiş olunub. "Yaşıl qapı arxasında qadın", "Qum üzərində ev", "Şirə oxşayan" pyesləri Praqada, Berlində, Sofiyada, Budapeştdə, Nyu-Yorkda, Bakıda və Moskvada böyük uğur qazanıb.
O, 500 min nüsxə ilə çap olunmuş 10 kitabın, "Ultimatum", "Yuxudan təbəssümlə durarkən", "Bağ", "Seçilmiş povestləri", "Günəş kələfi" və başqa topluların müəllifidir.


* * *

Qara Qarayev

karaev6

Azərbaycan eləcə də dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş görkəmli bəstəkar Qara Qarayev 5 fevral 1918-ci ildə Bakıda, xalq musiqisini bilən və sevən tanınmış pediatr Əbülfəz Qarayevin ailəsində dünyaya gəlib.
1937-ci ildə Qara Qarayevin xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə bəstələnmiş "Ürək mahnısı" adlı ilk böyük əsər ərsəyə gəlir. Burada xalq musiqi incəsənətindən, aşıq
musiqi janrının xarakterik cəhətlərindən geniş istifadə olunmuşdu. Qara Qarayevin yaradıcı irsi demək olar ki, musiqi sənətinin bütün janrlarını əhatə edir. Bəstəkarın üslubu öz emosianallığı, eləcə də dram və incə lirikanın vəhdəti ilə fərqlənir. Onun 1940-cı illərin sonu, 50- ci illərin əvvəllərində yazılmış bir sıra əsərlərində Azərbaycan şairi Nizami Gəncəvi fəlsəfəsinin təsiri hiss olunur. "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" simfonik süitası və eyni adlı balet bəstəkarın yaradıcılığının ən yüksək nöqtəsi sayılır.
Qara Qarayevin əsərləri xarici ölkələrin ən yaxşı dirijorlarının musiqi proqramlarının və musiqili teatrların repertuarında indi layiqli yer tutur. Polşa, Almaniya, Rumıniya, Fransa, Amerika Birləşmiş Ştatları, Bolqariya teatr səhnələrində onun baletləri oynanılır, bir çox dövlətlərin konsert zallarında onun
simfonik və kamera-instrumental əsərləri səslənir. Bu əsərlər dünya klassik musiqi fonduna da daxil edilib.


* * *

Kriştiano Ronaldo

ronaldo

Tanınmış portuqaliyalı futbolçu Kriştiano Ronaldo 5 fevral 1985-ci ildə anadan olub. Hələ uşaqlıqdan Ronaldo üçün ən yaxşı hədiyyə top idi, ondan heç vaxt ayrılmırdı.
Kriştiano Ronaldonun debütu 2001-ci ilin avqustunda Lissabonun "Atletiko" komandasına qarşı "Sportinqin" tərkibində qeyd olunub. Bu oyunda əvəz üçün çıxan Ronaldo qol vurmağı ilə yadda qalır. O, 17 yaşa qədər futbolçuların Gənc Avropa Çempionatında iştirak etməklə bərabər paralel olaraq Portuqaliya milli yığmasında oynayırdı.
2003-cü ildən isə Kriştiano Ronaldo "Mançester Yunayted" üçün oynamağa başladı. Bu komandanın ən yüksək ödənişli futbolçusu olan Ronaldo 2008-ci ildə komandanın kapitanı olur.
Daha sonra oyunçunun İspaniyanın "Real" klubuna transferi baş verir və bu kluba 80 milyon funt sterlinqə başa gəlir. Beləliklə, ingilis klubundan ispan klubuna keçid Ronaldonu dünyada ən yüksək ödənişli futbolçu edir.
Mütəxəssislər Ronaldonun oyununun rəngarəng olduğunu deyirlər. O, özünü həm kənar yarımmüdafiəçi, həm də mərkəz hücumçu kimi eyni şəkildə peşəkar ifadə edir. Bundan başqa, futbolçunun topa zərbəsi bu zərbəni hansı ayağı ilə vurmasından əsla asılı deyil. Bütün bu xüsusiyyətləri 2012-13 mövsümündə ona ən yaxşı bombardir adını qazandırır. Elə həmin mövsümdə futbolçu 197 oyunda 200 qol vurması ilə adını futbol tarixinə yazdırır.
2015-ci ilin 30 sentyabrında Ronaldonun karyerasında vurduğu 500 və 501-ci qolları onu yenidən klubun ən yaxşı bombardiri etdi. Kriştiano Ronaldo futbol ulduzu olmaqla yanaşı, şəxsiyyət kimi də hörmətə layiqdir. Azarkeşlər səbirsizliklə onun iştirakı ilə yeni oyunlar və təbii ki, qollar gözləyirlər.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb