Bu gün - 26 mart tarixində görkəmli Azərbaycan yazıçısı Sabit Rəhman, keçmiş SSRİ-də məşhur olan uzunömürlü Azərbaycan vətəndaşı Şirəli Müslümov, eləcə də Amerika müğənnisi Dayana Ross anadan olublar.


Sabit Rəhman


1460363374-САБИТ-РАХМАН-web


Görkəmli Azərbaycan yazıçısı, dramaturq və ssenarist, Azərbaycan sovet komediyalarının banilərindən biri Sabit Rəhman (Mahmudov) 26 mart 1910-cu ildə Nuxa şəhərində (Şəki) anadan olub. Onun hekayələri, romanları və xüsusən də komediyaları Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayıb.
1937-ci ildə Sabit Rəhman özünün ilk əsərini "Toy" komediyasını yazıb, bu əsər iki ildən sonra Azərbaycan Dövlət Dram Teatrının səhnəsinə qoyulur və böyük uğur qazanır. 1941-ci ildə isə onun "Xoşbəxtlər" komediyasının premyerası baş tutur.
Müharibədən sonrakı illərdə yazıçı bir sıra nəsr və dram əsərləri yaradır, onlar arasında "Xoş gəlmisiniz" ("Aydınlıq"), "Gəlin" ("Nişanlı qız") pyeslərini, "Nina", "Böyük günlər" romanlarını misal göstərmək olar.
1960-cı ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində dramaturqun digər komediyası "Əliqulu evlənir" səhnəyə qoyuldu. O, həm də "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu" filmlərinin ssenari müəllifidir.
"Ulduz" musiqili komediyasına və "Yeddi gözəl" baletinə yazılmış librettoları, "Şirin bülbül", "Böyük millət məhkəməsi", "Qudurğan", "Afəti can", "Vəfasız", "Arzular", "Sevinc göz yaşları" hekayələri, artist Hüseyn Ərəblinskinin xatirəsinə həsr olunmuş "Son faciə" povesti də Sabit Rəhmanın qələminin məhsuludur.


* * *


Şirəli Müslümov


sirelimuslumov


Uzunömürlü Şirəli Müslümov 26 mart 1805-ci ildə Azərbaycanın Lerik rayonunun Barzavu kəndində anadan olub. O, 168 il yaşayaraq tarixdə nadir hallarda rast gəlinən uzunömürlülük rekordu qoyub.
Müslümovun doğum haqqında şəhadətnaməsi olmadığı üçün qərb tədqiqatçıları onu tarixdə ən yaşlı adam hesab etməkdən imtina edirlər. "Ginnesin rekordlar kitabında" iddia edirlər ki, Müslümovun yaşı 40-50 il artırılıb.
O, 150 ildən artıq çoban işləyib. 136 yaşı olanda Şirəli 57 yaşlı Xatun xanımla ailə qurub və elə həmin il onların bir qızları anadan olub. Beləliklə, Şirəli Müslümov dünyada ən yaşlı ata olub. O, 2 sentyabr 1973-cü ildə dünyasını dəyişib.
Sovet dövründə onun haqqında "Şirəli dağlardan enir" adlı sənədli film çəkilib. 1993-cü ildə Rusiyanın, MDB ölkələrinin və Baltikanın "Divo 93. Sehirlər. Rekordlar. Nailiyyətlər" rekordlar kitabına salınıb.


* * *


Dayana Ross


Дайана-Росс-фото-№2


Populyar amerika müğənnisi, mahnı müəllifi, aktrisa, musiqi prodüseri Dayana Ross 26 mart 1944-cü ildə ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində anadan olub.
Ross Hollivud Şöhrət Xiyabanında 2 ulduzu olan az insanlardan biridir (biri solo karyerasına görə, ikincisi "The Supremes" qrupunun tərkibindəki karyerasına görə). Ümumilikdə öz musiqi karyerası ərzində Dayana Ross 57 studiya albomu yazdırıb və dünya üzrə 150 milyondan artıq disk satıb.
1999-cu ildə VH1 musiqi kanalı Dayana Rossu rok-n-rollda 100 möhtəşəm qadın siyahısında 38-ci yerdə qeyd edib.
2005-ci ildə Rolling Stone jurnalı bütün zamanların 100 ən yaxşı ifaçıları siyahısında Dayana Rossu The Supremes qrupu ilə birlikdə 97-ci yerdə qərarlaşdırıb.
Lorens Kezdan tərəfindən 1970-ci illərdə yazılmış "Cangüdən" filminin ssenarisi Dayana Ross və Stiv Makkuin nəzərdə tutularaq yazılmışdı.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb