Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin formalaşmasına yönəlik uğurlu layihələriylə seçilən “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə əməkdaşlıq edir.

Mərkəz innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə, İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə öz töhfəsini vermək məqsədilə Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığa başlayır. İki qurum arasında imzalanan memoranduma əsasən YT Park ilə Azercell arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılacaq, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə təlimlər təşkil ediləcək, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək, müştərək layihələr hazırlanacaq. Bundan əlavə mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Yüksək texnologiyalar sektorunda təhsil üçün ən yüksək beynəlxalq standartlarda şəxslərin və institutların inteqrasiyasının genişləndirilməsi, laboratoriyaların yaradılması imkanlarının araşdırılması və mövcud laboratoriyalardan və kadr potensialından birgə istifadə edilməsi, eyni zamanda birgə proqramlarda internetə çıxış kimi resursları və imkanları ilə tələbələrin təmin edilməsi də memorandumda əksini tapıb.

Məlumat üçün bildirək ki, Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanına əsasən iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə yaradılıb.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi isə 2009-cu ildə Azərbaycanda biznes innovasiyasını artırmaq, əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə dəstək olmaq məqsədi ilə fəaliyyətə başlayıb. Mərkəz 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.