Azercell-in dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidməti çətinliyi olan uşaqların yanındadır

Günümüzdə əksər uşaqlar ailədə, məktəbdə onlara qarşı baş verən haqsızlıq, qanun pozuntusu və zorakılıq barədə digər insanlarla bölüşməkdən qorxurlar, eyni zamanda üzləşdikləri problemləri valideynlərinə və yaxınlarına danışmaqdan çəkinirirlər. Aparılan müşahidələr göstərir ki, bütün bu yaşananlar uşaqların bir şəxsiyyət kimi yetişməsində ciddi maneələr törədir, onlara mənəvi və psixoloji olaraq çətinlik yaradır. Bu tip problemlərin qarşısını almaq, uşaqlara dəstək və yaranan problemlərdə valideynlərə yardımçı olmaq üçün “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt“xidməti artıq 2 ildir ki, orta məktəblərdə maarifləndirmə işləri aparır. İndiyə qədər Bakının bir çox məktəbləri ilə yanaşı, bölgələrdə də maarifləndirmə tədbirləri keçirən Qaynar xəttin əməkdaşları noyabr ayında da yüzlərlə uşaq, valideyn və müəllimi bir araya gətiriblər. Belə ki, Bakıda 135, 24, 212, 45, 263, 83 nömrəli orta məktəblərdə və eləcə də “Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə keçirilən maarifləndirmə tədbirlərində Qaynar Xətt xidmətinin iş prinsipləri, müraciət vasitələri, qaynar xəttdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, uşaqlar xidmətə şəxsiyyətlərarası münasibətlər, psixoloji dəstəyə ehtiyac, ailədaxili, həmyaşıdlarla, məktəbdə ünsiyyət çatışmazlığı, tənhalıq, sevgi ilə bağlı qorxu hissləri, yaxın adamın itkisi, psixoloji, fiziki və cinsi zorakılıq, imtahanqabağı həyəcan, evdən qaçma, gələcək planlarla bağlı narahatlıq, erkən nikah, zərərli maddəllərdən istifadə, İİV/QİÇS-ə yoluxma təhlükəsi, habelə hüquqi pozuntularla bağlı zəng vura bilərlər. Sonda şagirdlərə Qaynar Xəttin maarifləndirici materialları təqdim edilib.

2010-cu ildə Azercell-in dəstəyi ilə xidmətin yaradılmasında məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. Qeyd edək ki, işçi heyyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət olan “Uşaq Qaynar Xətt” xidmətində ən vacib prinsiplərdən biri məxfilikdir. Yalnız uşağın və valideynin icazəsi olduqda və problemin həlli bunu tələb edirsə müraciət digər müvafiq təşkilatlara çatdırılır.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.