Ölkədə nüfuzlu biznes müsabiqələri sırasında olan “Azərbaycan Biznes KeysYarışması”nınbir qrup iştirakçısı Azercell-də təlimə qatılıb.

Təlim sessiyası “Azercell Telekom” MMC-nin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları tərəfindən aparılıb. İnsan Kapitalının İdarə Edilməsi departamentinin İstedadların İdarə Edilməsi üzrə konsultantı Aytən Fərzəliyeva ölkənin lider mobil operatorunun fəaliyyəti və strukturu barədə tələbələri ətraflı şəkildə məlumatlandırıb.İstedadların Cəlb Edilməsi və Professional İnkişaf şöbəsinin mütəxəssisi Vahida Orucova isə sessiya zamanı işə qəbul və seçim prosesi, əmək bazarında mövcud tendensiyalar və digər aktual mövzulara toxunub. Həmçinin görüşdə iştirakçıları maraqlandıran suallar ətrafında maraqlı diskussiyalar aparılıb.

İştirakçı komandalar yarışmaya dəstək olan sponsor şirkətlər tərəfindən biznesin təhlili, strategiyanın qurulması, təqdimat bacarığı və digər mövzularda təşkil edilən təlimlərə qatılacaq.

Qeyd edək ki, “Azərbaycan Biznes Keys Yarışması”ali təhsil ocaqlarının maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən yarışmadır.

"Azercell Telekom" MMC təhsilə və gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşır. Bir sıra ali təhsil mərkəzləri ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə öz töhfəsini verir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.