Fəaliyyət dövrü ərzində daima sosial layihələr həyata keçirən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidməti 2019-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

Uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, ehtiyac olduğu halda müraciət edənlərin reabilitasiya mərkəzlərinə, digər xidmətlərə yönləndirməsi və təxirəsalınmaz köməyin göstərilməsi məqsədilə yaradılan “Uşaq Qaynar Xətt” xidməti 2019-cu il ərzində 5061 zəng qəbul edib. Müraciətlərin 435-i psixoloji, 622-i hüquqi, 2776-ı təhsil, 247-i səhiyyə, 387-i sosial, 594-ü isə digər məsələlərə aiddir. Onu da vurğulayaq ki, il boyu mərkəzə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Belarus, Bolqarıstan, Lüksemburq və Özbəkistandan da zənglər daxil olub. Müraciətlər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən edilib.

Qeyd edək ki, yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığının qorunmasına xüsusi önəm verən Azercell şirkətinin təşəbbüsü ilə 2019-cu ildə “Uşaq Qaynar Xətt” xidməti üçün 116-111 qısa nömrəsı ayrılıb. Bununla da, dəstəyə ehtiyacı olan gənclərə qaynar xəttin əməkdaşları ilə daha rahat əlaqə qurmaq imkanı təqdim edilib. Xatırladaq ki, hələ 2017-ci ildə Azercell-in dəstəyi və təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin Android və iOS əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilməklə, xidmətin dünyanın istənilən nöqtəsində əlçatanlığı təmin edilib.

“Uşaq Qaynar Xətt” xidməti Azercell Telekom-un dəstəyi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə çalışır. “Uşaq Qaynar Xətt” xidmətinə günün istənilən vaxtında (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və 116-111 nömrələri vasitəsilə həm şəhərdaxili, həm də Azercell nömrələrindən ödənişsiz olaraq müraciət etmək mümkündür.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.