Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ASC, “SOCAR Polymer” qiymətli kağızlarının emissiyası üzrə sövdələşmənin strukturlaşdırılması və ümumi koordinasiyasının aparılmasında əsas məsləhətçi qismində çıxış etmişdir.

Azərbaycanın istiqraz bazarında 200 milyon ABŞ dolları dəyərində emissiya 2020-ci ilin 9 iyul tarixində baş tutmuşdur.

PAŞA Kapital və PSG Kapital şirkətləri emissiyanın anderrayterləri qismində, alıcı tərəf qismində isə PAŞA Bankla yanaşı Azərbaycanın digər 7 aparıcı bankı çıxış etmişdir - Azərbaycanın Beynəlxalq Bankı, Xalq Bank, Kapital Bank, Bank Respublika, Rabitə Bank, Ziraat Bank və Bank of Baku.

Qeyd olunan vəsait “SOCAR Polymer”-in maliyyə portfelinin optimizasiyası məqsədilə Qazprombank SC-dən cəlb edilmiş kredit vəsaitinin bir hissəsinin yenidən maliyyələşdirilməsinə sərf olunmuşdur. Beləliklə, “SOCAR Polymer” şirkətinin maliyyələşmə portfelinə Azərbaycan bankları da cəlb olunmuşdur.Tərəflər arasında imzalanmış müqavilələrin şərtlərinə uyğun olaraq alıcılar arasında koordinasiya və təşkilati funksiyaların görülməsi PAŞA Banka həvalə edilmişdir.

“SOCAR Polymer” qiymətli kağızlarının emissiyası üçün parametrlər aşağıdakılardır:

- Ümumi həcm: 200 milyon ABŞ dolları
- Dövriyyə müddəti: 5 il
- Kupon dərəcəsi: 5%
- Kupon ödənişi: rübdə bir dəfə

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, 200 mln. ABŞ dollar məbləğində emissiya Azərbaycanın borc bazarı üçün əlamətdar hadisə oldu. Bu, hazırki dövrdə ölkədə və dünyada COVİD-19 pandemiyası ilə əlaqədar işgüzar fəaliyyətin müvəqqəti azalması fonunda xüsusi əhəmiyyət kəsb edir.

“Yerli istiqraz bazarının hələ nisbətən cavan olmasına baxmayaraq, orta müddətli perspektivdə onun gələcək inkişafının böyük perspektivləri haqda düşünə bilərik. Sövdələşmələrdə təkcə kənar investorların deyil, həm də ölkənin yerli maliyyə qurumlarının da getdikcə daha çox fəal iştirakı sevindiricidir. Bu sövdələşmənin müvəffəqiyyətlə başa çatmasını biz təkcə PAŞA Bank və “SOCAR Polymer”-in deyil, eləcə də bütün bazarın uğuru kimi qəbul edirik. Emitent, anderraytinq şirkətlərinə göstərdikləri etimada görə, Azərbaycanın tərəfdaş banklarındakı həmkarlarımıza isə göstərdikləri səylərə görə təşəkkür etmək istəyirəm. Əminəm ki, görülən işlərin nəticəsi ölkəmizin borc bazarının inkişafına əhəmiyyətli təsir göstərəcəkdir ”, - deyə T. Kazımov vurğuladı.

Xatırladaq ki, PAŞA Bank fəaliyyətə başladığı gündən etibarən qiymətli kağızlar bazarında 200 milyon manatdan yuxarı məbləğdə 15-dən çox sövdələşmə həyata keçirmişdir. Borc bazarında sövdələşmələr Bakcell, Embawood və digər şirkətlər üçün təşkil olunmuşdur. Son bir neçə ildə PAŞA Bank beynəlxalq ekspertlər birliyi tərəfindən dəfələrlə "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı", PAŞA Kapital isə ölkənin "Ən Yaxşı İnvestisiya Şirkəti" olaraq tanınıb.