Qayğıya ehtiyacı olan Gəncə və Bərdə sakinləri, şəhid və qazı ailələrinin övladlarına bayram hədiyyələri çatdırıldı

Bu il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni ilin gəlişini xalqımız xüsusi sevinc və fərəh hissi ilə qeyd edəcək! Bu bayramlara sevinmək isə hər bir azərbaycanlının, xüsusilə də uşaqlarımızın haqqıdır. Məhz buna görə, “Azercell Könüllüləri” xeyriyyə təşkilatı ölkəmiz üçün sınaq və qürur dövrü olan son aylar ərzində həm böyük qəhrəmanlıq göstərmiş, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrin övladlarına xüsusi qayğı ilə yanaşaraq, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi

və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının təşkilati dəstəyilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə körpələrimizin ürəklərini sevindirəcək bayram aksiyasına start verdi.

Xüsusi əhəmiyyət kəsb edən məqam lider mobil operatorun öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” qrupunun sosial çağırışının bu dəfə hər kəs üçün açıq olması idi ki, bu da istər ölkə daxilində, istərsə də xaricdə yaşayan həmvətənlərimizin bu təşəbbüsə öz qatqısını verə bilməsi ilə nəticələndi. Bir aya yaxın müddət ərzində “Azercell Könüllüləri” qrupunun Facebook səhifəsi vasitəsilə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlı uşaqların, eləcə də Bakı və Gəncədə yerləşən “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin siyahısı izləyicilərin ixtiyarına verildi. Hər bir uşağın Yeni İldə almaq istədiyi özəl hədiyyənin əks olunduğu siyahıdan bu təşəbbüsə qoşulmaq istəyən hər kəs istər arzu olunan hədiyyəni seçib almaqla, istərsə də, səhifədə dərc edilən bank rekvizitləri vasitəsilə ianə etməklə öz dəstəyini göstərə bildi. Qeyd edək ki, Azercell-in texniki tərəfdaşı olan Ericsson şirkətinin əməkdaşları da bu bayramqabağı xeyriyyə aksiyasının gerçəkləşməsində öz əhəmiyyətli qatqılarını əsirgəmədilər. Nəhayət, böyük qayğı ilə toplanılan bütün hədiyyələr 28 dekabr tarixində “Azercell Könüllüləri” tərəfindən uşaqlara çatdırıldı.

Eyni zamanda, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız, eləcə də qazilərimizin övladlarının da hədiyyə arzuları toplanılaraq Bakı və bölgələr boyu yüzlərlə uşağın evinə bayram sevinci gətirdi.

“Azercell Könüllüləri” və Facebook vasitəsilə dəstək verən dostların bu sosial aksiyası nəticəsində ümumilikdə 500-dən artıq uşaq Yeni İl arzusunun gerçək olması səadətini yaşadı.

Cəmiyyətimizin döyünən ürəyi və ümidli gələcəyi olan əziz uşaqlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, onlara sülh və əminamanlıq, bütün arzularının yerinə yetməsini diləyirik!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.