Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin rəqəmsal sponsorluğu ilə keçirilən “InnoWeek-İnnovasiyalar həftəsi 2020” çərçivəsində jurnalistlər arasında müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqəni münsiflər heyətinin 3 nominasiya üzrə qiymətləndirməsi nəticəsində “Innoweek-İnnovasiya həftəsi 2020” haqqında ”Ən yaxşı veriliş” nominasiyasında ARB 24 televiziyasının “İş vaxtı” verilişinin müəllifi Faiq Abasquliyev, “Ən yaxşı TV süjet” nominasiyası üzrə CBC televiziyasının əməkdaşı Nigar Rəhmanova, “Ən yaxşı məqalə” müəllifi kimi “Oxu.az” saytından İlhamə Əbülfət qalib seçilib. Qaliblərə dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə tərəfdaşlığı ilə dekabrın 14-19-da onlayn şəkildə baş tutub. Azərbaycanda innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi məqsədlərinə xidmət edən tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə bir-birindən maraqlı və fərqli toplantılar təşkil olunub. Bu günlər ərzində Ümumdünya İnternet Sammiti, kibertəhlükəsizlik vebinarı, “İnnovasiyalar və Texnologiyalar” Forumu, “Yaradıcı həllərə doğru” Olimpiadası keçirilib, onlayn kiber idman turniri təşkil olunub. Eyni zamanda, 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkət və layihələr mükafatlandırılıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.