Rüstəm Ç. Rüstəmov, Ictimai və iqtisadi məsələlər üzrə ekspert

fullsizerender-6

Son illər dünyada gözlənilməz və idarə olunmayan nəticələrə səbəb olan mənfi iqtisadi proseslər baş verir.
Dünya nizamı dəyişdirilir və bu, prinsipcə, labüddür, lakin bu dəyişikliklərdə böyük ölkələrin geosiyasi maraqları mühüm rol oynayır. Cari proseslər maliyyə bazarlarının sabitliyini pozmaqla inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərir və bu Azərbaycan Respublikasına da toxunur. Yaranmış vəziyyətin səbəbi nədir və xarici təzyiqə müqavimət göstərmək üçün hansı üsullar var?
İlk növbədə, son zamanlarda müşahidə olunan ölkənin maliyyə bazarının neftdən asılılığı, pul sisteminin zəifliyi, inflyasiya kimi iqtisadi amillərlə ifadə olunan mənfi dinamikaya nəzər yetirmək lazımdır.
Məlumdur ki, adətən neft asılılığında olan ölkələrin çoxu xarici iqtisadiyyata və maliyyənin dəyişikliyinə həssas olurlar.
Bəzi hallarda dövlət büdcəsinin doldurulması üçün alternativ mənbələrin mövcudluğu nəticəsində bu asılılıq daha az hiss olunur. Buna Ərəbistan yarımadasının bəzi neft ölkələrini misal gətirmək olar. Belə əlverişsiz dövrdə onların maliyyə sabitliyinin səbəbi nədir? İqtisadiyyatın vaxtında diversifikasiyası?
Bu ölkələrdə tək neft sənayesini yox, sənayenin başqa sahələri, turizmin inkişafı, logistika mərkəzlərinin yaradılması, böyük investisiya layihələrinə başlanılması böhranın nəticələrinin yumşaldılmasında mühüm rol oynayıb.
Tarixi təcrübə göstərir ki, neft qiymətləri hər zaman həm qalxmaya, həm də enməyə meylli olublar.
Yaxın keçmişdən misal gətirək. 1998-ci il böhranı: barelin qiyməti 11 dollara düşmüşdü; 2008-ci il dekabr: 147 dollara kimi rekord qiymət artımından sonra iyul ayından başlayaraq həmin ilin sonuna qədər bir barelin qiyməti 36 dollara kimi endi.
O vaxt, bir çox ölkə neft qiymətlərinin düşməsi nəticəsində zərər çəkdi, amma qeyd etmək lazımdır ki, həmin dövrdə Azərbaycan 2006-cı ilin denominasiyasından sonrakı ilk devalvasiyasına çox yaxın olmasına baxmayaraq, neft böhranının təzyiqinə dayana bildi.
2009-cu ilin əvvəlindən neftin qiyməti daim artırdı, lakin 2014-cü ilin ikinci yarısından neftin inadla ucuzlaşması 2015-ci ilin fevralında manatın ilk devalvasiyasına gətirib çıxartdı. 2015-ci ilin axırında ölkədə yaranan maliyyə problemləri nəticəsində, milli pul vahidinin hiss olunan ucuzlaşması baş verdi. Xarici valyutaya yüksək tələbat, vətəndaşların banklara etimadsızlığı, maliyyə sahəsinin dəyərini itirmiş aktivləri, maliyyə vəsaitlərinin axını – bunlar hamısı dövlət büdcəsini əhəmiyyətli dərəcədə ixtisara vadar etdi. Azərbaycan prezidenti tərəfindən həyata keçirilən neft və iqtisadiyyat böhranının nəticələrinin ləğvinə yönəlmiş tədbirlər indiki reallıqlara və zamanın tələblərinə uyğundur.
Artıq çoxlu sayda dəyişiklik və islahatlar həyata keçirilib, ölkənin sənaye bazası təkmilləşir, turizm inkişaf edir, investisiya mühiti yaxşılaşır, fermer təsərrüfatı üçün şərait yaradılır. Lakin ölkə iqtisadiyyatının diversifikasiyası, neftdən asılılığın tam ləğvi üçün illər tələb oluna bilər. Zamanında öz iqtisadiyyatlarını restrukturizasiya etməyən ölkələr bu gün çox pis vəziyyətdə qalıblar.
Məlumdur ki, iqtisadi və maliyyə sarsıntıları yaşanan dövrdə inkişaf etməkdə olan ölkələrin ən ciddi problemlərindən biri valyuta ehtiyatlarının tükənməsidir. Bununla necə mübarizə aparılmalıdır və maliyyə sisteminin sağlamlaşdırılması üçün hansı tədbirlər görülməlidir?
İlk növbədə post-böhran dövründə maliyyə sisteminin sağlamlaşdırılması üçün alət yaratmaq lazımdır. Sistem öz-özünə sağlamlaşa bilməz, bunun üçün konkret addımlar atılmalıdır. Bu addımlardan biri dövlət müəssisələrinin restrukturizasiyası, yeni nəzarət orqanlarının yaradılmasıdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası bu orqanlardan biridir. Palatanın Mərkəzi Bankla əməkdaşlığının nəticəsi olaraq bir sıra etimadsız kommersiya banklarının fəaliyyəti dayandırıldı.
Ölkənin maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində bu və ya digər strukturların nizamlanması və qarşılıqlı əlaqənin yaradılması ilə bağlı real addımlar necə olacaq? Axı xarici valyutanın əsas mənbələri birbaşa Mərkəzi Bankın nəzarətindədir. Bəlkə də bu gün görülən tədbirlər yetərincə səmərəli deyil və surətli konkret nəticələr əldə edilmir, ona görə də ölkənin maliyyə bazarlarında vəziyyətin yaxşılaşdırılması üçün daha effektiv qərarlar qəbul etmək lazım olacaq.
Ölkənin maliyyə sabitliyinin qorunması prosesində həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) da iştirak edir. O, bu prosesdə neft vəsaitlərinin gözətçisi və eyni zamanda dünya bazarlarında investor kimi çıxış edir. Lakin, ARDNF ölkənin kommersiya sektoru üçün nə qədər xarici valyuta cəlb edə bilər ki? Axı məlumdur ki, ARDNF-nin ehtiyatları da azalır. Bu, təkcə ölkənin pul vahidinin sabitliyinin qorunmasına yönəlmiş tədbirlərin deyil, həmçinin dünyadakı qiymətli kağızlar, daşınmaz əmlak və s. bazarlarında olan itkilərin də nəticəsidir. Bu, uzunmüddətli perspektivdə neft fondunun ehtiyatlarına bu qədər ciddi təzyiq göstərməzdi, lakin mövcud reallıqda müəyyən çətinliklərə gətirib çıxarır.
Milli valyutanın ucuzlaşmasına gəlincə, onun sabit qalmasını əngəlləyən çoxlu sayda həm daxili, həm də xarici iqtisadi amillər var: dünya valyutalarının yüksək dəyişkənliyi, bazarda xarici valyutanın və investisiya vəsaitlərinin çatışmazlığı, ixrac istehsalında durğunluq. Dövlət bu gün ölkənin pul sisteminə nəzarət etməkdə və onu tənzimləməkdə çətinlik çəkir və nəticədə, milli valyutaya əlavə dəstək verə bilmir. İqtisadiyyatın yeni dünya reallıqlarına və çağırışlarına adaptasiyası üçün keçid dövrünə ehtiyac var. Qeyd etmək lazımdır ki, son yarım ildə neftin qiymətində əhəmiyyətli dəyişikliklər baş vermir: bir barelin qiyməti 40-50 ABŞ dolları arasında dəyişir, 2016-cı il dövlət büdcəsində isə neftin qiyməti 25 dollar səviyyəsində götürülmüşdü.
Bəs niyə milli valyutanın devalvasiyaya uğramasının qarşısını almaq olmadı? Məsələn, neft qiymətlərinin artması fonunda dünya valyutaları qarşısında rus rublunun indeksi artır. Bu o deməkdir ki, Rusiya Federasiyasının xarici borcu normadan qat-qat artıq olmasına baxmayaraq, bu ölkənin maliyyə sistemini dövlət ehtiyatlarının hesabına stabilləşdirmək və balanslaşdırmaq mümkün oldu. Azərbaycanda isə milli pul vahidinin ucuzlaşması hətta dünya indeksləri stabil olarkən belə müşahidə olunur. Görünür ki, iqtisadi sektordan olan dövlət qurumları diqqətlərini problemin üzərində tam cəmləməyiblər, ölkədə maliyyə sabitliyinin bərpası üçün zəruri səylər göstərmirlər. Yaxın gələcəkdə isə dövlətin maliyyə dayanıqlığına təsir edə biləcək daha dərin qlobal maliyyə sarsıntıları baş verə bilər.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb