Azərbaycanda Dövlət İmtahan Mərkəzi yaradılıb.
Azərbaycanın dövlət aparatı kompakt və səmərəli olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu ilin əvvəlində keçirilmiş iclasında institusional islahatın zəruriliyi barədə danışmışdır. Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində çox ciddi iş gedir, büdcə orqanlarının artıq və təkrar funksiyaları ixtisar olunur. Bu islahat çərçivəsində görülən tədbirlərdən biri də publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin yaradılmasıdır.
Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə We&WE-yə yeni qurumun qarşısında dayanan məsələlərdən danışıb.

m-abbaszade-01

Hal-hazirda idarə etdiyiniz qurumun yeni infrastrukturunun yaradılması üçün hansı tədbirlər görülür?
- DİM artıq Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınıb. Nəticədə TQDK və DQMK ləğv olundu, onların bazasında DİM yaradıldı. İki strukturun ləğvi və yeni qurumun yaradılması prosesi başlanıldı. Bununla xüsusi komissiya məşğuldur. Qeyd etməliyəm ki, bu, çox ciddi və bir neçə tədbiri nəzərdə tutan hüquqi proseduradır. Bundan əlavə, iki təşkilatın resursları birləşdirilir. Maddi-texniki bazadan başqa hər iki təşkilatın geniş intellektual bazaları da mövcuddur. Bildiyiniz kimi DQMK 10 il, TQDK isə 20 ildən artıq idi ki, fəaliyyət göstərirdilər. Ona görə də ikisinin intellektual "portfel"ləri çox ciddidir. Söhbət tətbiqi proqram təminatından, test tapşırıqları bazalarından, 4 milyondan artıq şəxs (abituriyentlər, müəllim-nəzarətçilər, ekspertlər və s.) haqqında məlumatı özündə əks etdirən məlumat bazalarından gedir. Bundan başqa, imtahanları keçirmək və əhaliyə elektron xidmətləri göstərmək üçün istifadə olunan proqram təminatını da nəzərə almalıyıq – həmin proqramlar da əlavə ekspertizadan keçir və birləşdirilir.
İllərlə toplanan çox böyük məlumat toplusu mövcuddur. Aydındır ki, iki təşkilatın birləşməsi sırf texniki proses deyil. İlk növbədə DİM- in ilkin fəaliyyətini təmin edəcək şöbələr müəyyən edilir və komplektləşdirilir. Axı biz bu müddətdə öz səlahiyyətlərimiz çərçivəsində əhaliyə xidmətlərimizi göstərməyə davam edirdik və indi da davam edirik.
Yeni təşkilatın idarəetməsinin mahiyyəti çox ciddi şəkildə təhlil edilir. Bu, sadəcə texniki təftiş deyil, idarəetmə formalarının tədqiqidir, yeni təşkilatın səmərəli fəaliyyəti üçün optimal sxemlərin seçimidir.
İki təşkilatın saytlarını hələlik formal şəkildə birləşdirən rəsmi sayt dim.gov.az fəaliyət göstərir, və bununla yanaşı yeni informasiya portalı hazırlanmaqdadır.
DİM-in aparatının formalaşmasına dair planlarınız nədir? Mərkəzin personalı bütövlükdə yenilənəcəkmi? Bu proses necə həyata keçirilir?
- Kütləvi ixtisarlar olmayacaq. Hər iki qurumda ötən illər ərzində elə səriştəli mütəxəssislər formalaşıb ki, onları əvəz etmək çox çətin olacaq. Onlar müxtəlif növ imtahanların keçirilməsinin texnoloji prosesinə, testlərin hazırlanması metodikasına və s. dərindən bələddirlər. Mən həm TQDK-nın, həm də DQMK bütün əməkdaşları ilə görüşüb onların yeni təşkilatda perspektivlərinə dair söhbətlər apara bildim. Hər biri ilə ayrıca görüş, hər birinə individual yanaşma. Axı bu insanlar büdcə təşkilatlarına işə qəbul olunmuşlar. Artıq onlar başqa statusu olan təşkilatda çalışacaqlar. Dövlət qulluqçuları kimi onların maddi mükafatlara və güzəştlərə haqları var idi, onların pensiya ödəmələri mövcud qanunvericilik əsasında xüsusi model üzrə həyata keçirilirdi. İndi isə vəziyyət dəyişib. Bu işdə yeni rolda qalıb-qalmamaq və ya daha münasib variant axtarmaq barədə hər kəs özü qərar verəcək. Hər iki halda biz onların seçiminə hörmətlə yanaşacağıq.
DİM-nin büdcəsi nə qədərdir? Vəsaitin həcmi səmərəli fəaliyyət göstərmək üçün yetərlidirmi?
- 2017-ci ilin yanvarın 1-dən İmtahan Mərkəzi 1 mln manat olan nizamnamə fondunun təşkil etdiyi büdcə ilə fəaliyyətə başlayacaq. Aydındır ki, bu vəsait qurumun bir il ərzində tam fəaliyyət göstərməsi üçün yetərli deyil. Lakin publik hüquqi şəxs statusu bizə öz xidmətlərimizi ödənişli əsaslarla göstərmək imkanı yaradır. Biz bunun üzərində işləyirik. Hər növ xidmətlərimizə dair tarif layihəsi hazırlanıb. Bizim bəzi xidmətlərimizin qiyməti (tarifi) dövlət tərəfindən tənzimlənən xidmətlər siyahısına salınması barədə sənəd Nazirlər Kabinetinə təqdim olunub. Daha sonra onlar Tarif şurasına təqdim olunacaq.
İqtisadçılarımız bakalavr, magistr, rezidentura pillələrinə, dövlət qulluğuna qəbul imtahanlarına nə qədər vəsaitin sərf olunması, bu kampaniyaların iştirakçılarının sayı haqqında hesablama aparıblar. Əvvəllər bu imtahanların keçirilməsi üçün TQDK-ya dövlət büdcəsindən ildə 5 mln. manat, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya isə 1,5 mln. manat vəsait ayrılırdı. Bundan əlavə, büdcə təşkilatı olaraq biz ƏDV-dən və vərgilərdən azad idik, digər güzəştlər də tətbiq olunurdu. Biz hər imtahanın keçirilməsi zamanı bir iştirakçıya nə qədər vəsaitin xərcləndiyini hesabladıq. Bu hesablamalar, eləcədə onların Türkiyə, ABŞ, Avropa ölkələrində göstərilən analoji xidmətlərin qiymətləri ilə müqayisəsi yuxarı strukturlara təqdim olunub.
Sizi artıq kommersiya müəssisəsi hesab etmək olarmı?
- Bu tam olaraq elə deyil. Biz pullu xidmət göstərmək hüququ olan dövlət müəssisəsiyik. Bizə pul qazanmaqla bağlı qadağa qoyulmayıb. DİM yeni maliyyə şərtləri ilə fəaliyyət göstərəcək. Bununla bərabər dövlət bizə müəyyən işlərin görülməsi ilə bağlı sifarişlər verə bilər. Məsələn, dərsliklərin monitorinqi. TQDK-da xüsusi şöbə fəaliyyət göstərirdi. Bu şöbənin əməkdaşları dərsliklərin qiymətləndirilməsini həyata keçirir, ekspertləri cəlb edir, tədqiqatların nəticələri ilə bağlı hesabatlar hazırlayır, elmi-metodik seminarlar keçirirdilər. Bundan əlavə, bu monitorinqlərin və elmi-metodik seminarların nəticələri barədə materialların yerləşdirildiyi dərslik portalı da hazırlanmışdı. Bu portal dərsliklərin məzmunu barədə fikir mübadiləsi aparmaq üçün elektron platformadır.
Bu işlərin həyata keçirilməsi üçün büdcədən maliyyə vəsaiti ayrılırdı, bu vəsaitdən işçilərə, ekspertlərə əmək haqqı ödənilirdi. Lakin yeni şəraitdə DİM bu cür sifarişləri Təhsil Nazirliyindən alacaq. Əgər nazirlik bu xidməti ödəsə, monitorinq həyata keçiriləcək, əks halda keçirilməyəcək.

m-abbazsade-02

Başqa sözlə, DİM maliyyə müstəqilliyinə malik olacaq?
- Tamamilə doğrudur. Vəsait qazanmağımız üçün imkanlarımız geniş olacaq. Məsələn, hər hansı bir universitet və ya lisey bizə dərsliklərin ali məktəb kursuna, yaxud kurikuluma uyğunluğu barədə monitorinq keçirməyi sifariş etsə, biz bunu həyata keçirə bilərik.
Əvvəllər müəlliflər belə təkliflərlə TQDK-ya müraciətlər edirdi, lakin biz dövlət qurumu olduğumuz üçün imtina etməli olurduq. Bizim belə bir funksiyamız yox idi. İndi DİM-nin fəaliyyət sahəsi və pullu xidmət göstərmək imkanları genişlənir.
Biz sifariş qəbul edib mənfəət əldə edə bilərik. Əmin olun, bütün işlər bizim səriştəli kadrlarımız tərəfindən, sınanmış üsullar və alətlər vasitəsilə peşəkar qaydada həyata keçiriləcək. Məsələn, əgər belə bir sifariş gəlsə, biz kommersiya şirkətlərində test üsulu ilə işçi heyətinin qəbulunu təşkil edə bilərik. Biz xidmət bazarına girməyə hazırıq, lakin bizim xidmətlərimiz spesifikdir, intellektual xarakter daşıyır. Neçə illərdir uğurla fəaliyyət göstərən statistik nəticələrin analizi və abituriyentlər üçün çoxvariantlı sualların tərtibatı sistemini yaratmışıq. Qeyd edim ki, bu nou-haular həmişə bizim əcnəbi həmkarlarımızı maraqlandırıb, amma dövlət qurumu olduğumuz üçün biz onları sata bilməzdik. Artıq biz onların həyata keçirilməsi ilə bağlı müqavilələr bağlaya bilərik.
Bu yaxınlarda yeni internet resursun təqdimatı keçiriləcək. Bu resursun köməyi ilə yuxarı sinif şagirdləri müstəqil şəkildə, repetitorların köməyi olmadan ali məktəblərə qəbul imtahanlarına hazırlaşa biləcəklər. Bu, pullu xidmət olacaq. Əminəm ki, intellektual xidmətlər bazarında DİM öz yerini tapacaq və bizim xidmətlərə tələbat böyük olacaq.
Növbəti il 9-cu siniflərdə buraxılış imtahanları ilk dəfə olaraq kurikulum proqramı əsasında keçiriləcək. İmtahanlara hazırlıq prosesi necə gedir?
Bu çox ciddi bir tədbirdir, onun məzmunu və formatı əvvəllər keçirilən analoji sınaqlardan fərqlənir. İlk növbədə bu imtahanların 2017-ci ildə fərqli formatda keçirilməsinin zərurətindən danışmaq istərdim. Məlum olduğu kimi, 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" təsdiq edilmişdir. 2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Təbii ki, orta məktəblərdə yeni təhsil proqramlarının tətbiqi ilə təhsil alan şagirdlərin bacarıqlarının ölçülməsi də yeni model əsasında aparılmalıdır. Bununla bağlı olaraq, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yarandı. Bu zərurətdən irəli gələrək, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. Həmin dövrdən biz bu imtahanların keçirilməsinə hazırlaşırıq. Monitorinq imtahanlarının məqsədlərindən biri yeni təhsil standartlarının hədəflərinə məktəblərdə hansı səviyyədə çatmasının müəyyən edilməsindən ibarətdir. Şagirdlərin biliyinin yoxlanılması üçün monitorinq imtahanları 2013-cü ildə 5-ci sinifdən başlayaraq keçirilirdi. Bu proses 2016-cı ilə qədər davam edirdi. İndi bu uşaqlar artıq 9-cu sinifdə oxuyur və qarşıda onları buraxılış imtahanı gözləyir. Bu illər ərzində 113 min hazırkı 9-cu sinif şagirdinin 85 mini ana dili və riyaziyyat fənləri üzrə monitorinq imtahanları verib. Biz onların kurikulum üzrə məktəb proqramını hansı səviyyədə mənimsədiklərini, onların zəif və güclü tərəflərini bilirik. Bu məlumatlar buraxılış imtahanlarının proqramlarının tərtibində də istifadə olunmuşdur. Belə ki, monitorinq imtahanlarında şagirdlərin əksəriyyətinin mənfi nəticə göstərdiyi altstandartlar buraxılış imtahanının proqramından çıxarılmışdır. İmtahanlar iki mərhələdən ibarət olacaq: mart ayında keçirilməsi nəzərdə tutulan birinci mərhələdə yeni növ tapşırıqlar təqdim olunacaq, ikinci mərhələ isə iyun ayında keçiriləcək.
Bu dövr ərzində Milli kurikuluma uyğun olan yeni növ tapşırıqlar hazırlanıb, müəllimlər, şagirdlər və valideynlər üçün metodik vəsaitlər nəşr olunub. Həmin iş hazırda da davam etdirilir. Bu günlərdə nəşr edilmiş "Abituriyent" jurnalının xüsusi buraxılışı bütövlükdə kurikulum əsasında 9-cu sinif üzrə buraxılış imtahanlarına həsr olunmuşdur. Jurnalda buraxılış imtahanının fənləri üzrə altstandartlar, yeni tip test tapşırıqlarının nümunələri, cavab kartının nümunəsi və s. dərc edilmişdir. Bu vəsait həm şagirdlər və valideynlər, həm də müəllimlər üçün böyük maraq kəsb edir.
Biz bölgələrdəki məktəb müəllimləri ilə birgə çalışırıq, onlarla görüşlər keçirib imtahan zamanı hansı tapşırıqlardan istifadə olunacağını başa salırıq. Yeni qaydalar əsasında keçiriləcək imtahanlarla bağlı ölkənin pedaqoji ictimaiyyəti ilə görüşlər artıq Gəncə, Ağcabədi, Lənkəran, Göyçay və digər rayonlarında keçirilmiş, sonuncu görüş Bakı şəhərində keçiriləcək.
Bu illər ərzində respublika üzrə markerlər, yəni yazılı işləri yoxlayan müəllimlər bazasının yaradılması ilə bağlı irihəcmli tədbirlər görülüb.
Təhsil Nazirliyi ilə münasibətlər necə qurulacaq?
- İş münasibətləri quracağıq. Təkcə Təhsil Nazirliyi ilə deyil, işə qəbul imtahanları keçirəcəyimiz bütün dövlət qurumları ilə tərəfdaşlıq və işgüzar münasibətləri qurmağı planlaşdırırıq. Biz bu cür münasibətlərin qurulmasında maraqlıyıq. İstəyirik ki, bizim fəaliyyətimiz həm təhsil mühitinin sağlamlaşdırılmasına, həm də Azərbaycanın dövlət orqanlarında kadr potensialının optimallaşdırılmasına yardım etsin.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb