president

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vergi məcəlləsinə olan dəyişiklikləri təsdiq edib.
Ümumilikdə, vergi qanunvericiliyə 201 dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, banklar tərəfindən vətəndaşların əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti üç ildən beş ilə qədər - 2021-ci ilin fevralınadək artırılır.
Bundan əlavə, buğda idxalının və satışının, buğda ununun istehsalının və satışının ƏDV-dən azad edilməsi ilə bağlı güzəştlər üç il müddətinə - 31 dekabr 2019-cu ilə qədər uzadılıb.
2017-ci ilin yanvarın 1-dən quş ətinin satışı üç il müddətinə ƏDV-dən azad edilir.
Məcəlləyə edilən dəyişikliklərdə ölkəyə idxal edilən avtomobil və yaxtalar üçün aksiz vergisinin artırılması nəzərdə tutulur. Əsasən, mühərrik gücü 2000 kub/sm-ə qədər olan avtomobillərdən başqa, idxal olunan bütün digər nəqliyyat vasitələrinin aksiz dərəcəsi artırılıb. Bu avtomobillərin aksiz dərəcəsi hər kub/sm üçün 0,2 manat səviyyəsində qalıb.
İstirahət və idman üçün nəzərdə tutulan yaxtaların və idxal olunan digər gəmilərin aksiz dərəcəsi gələn ildən mühərrik gücünün hər kub/sm üçün 3 manatdan 6 manata qədər artırılacaq.
Məcəlləyə edilən dəyişikliklər qiymətli metalların və daşların idxalına qoyulan aksizlərin artırılmasını nəzərdə tutur.
2017-ci ilin yanvarın 1-dən idxal olunan platinin hər qramına görə aksiz dərəcəsi 2 manatdan 4 manata artırılıb. İdxal olunan qızılın və qızıl məmulatlarının da aksiz dərəcəsi artırılıb. Belə ki, idxal olunan qızılın 1 min çəki vahidindəki miqdarı 375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat əvəzinə 1,5 manat, 500 olduqda 1 manat əvəzinə 2 manat, 585 olduqda hər 1,2 manat əvəzinə 2,4 manat, 750 olduqda 1,5 manat əvəzinə 3 manat, 958 olduqda 1,8 manat əvəzinə 5 manat, 999 olduqda hər qrama görə 2 manat əvəzinə 6 manat olacaq.
İdxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün aksiz vergisi 200 manatdan 400 manata artırılıb.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, müəyyən növ xidmətlər göstərən fiziki şəxslər sabit vergi ödəyicisi olacaqlar. Bu, toylarda və digər tədbirlərdə, məişət cihazlarının təmiri, dayə, fərdi sürücülük və digər analoji işlərlə məşğul olan vətəndaşlara aiddir. Bu məbləğ fəaliyyət növündən asılı olaraq aylıq 5-30 manat təşkil edəcək (bu məbləğə koeffisientlər də tətbiq olunacaq).


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb