Püstə Əzizbəyova

pyusta_azizbekova



Azərbaycan tarixçisi, akademik Püstə Əzizbəyova 29 dekabr 1929-cu ildə Bakıda, Məşədi Əzizbəyovun oğlu Əzizağa Əzizbəyovun ailəsində anadan olub. 1961-ci ildən Azərbaycan Tarix Muzeyinin direktoru olub. Direktor vəzifəsində işlədiyi zaman Püstə Əzizbəyova Azərbaycanda ilk dəfə olaraq muzeyin nəzdində sualtı arxeoloqlar qrupu yaradıb.  Muzeyin əməkdaşı Viktor Kvaçidze bu qrupa rəhbərlik edib. Azərbaycanda Kommunist Partiyası və sosializmin qurulması tarixinin tədqiqatçılarından biri olub. SSRİ dövründə Püstə Əzizbəyova həmçinin Millətlər sovetinin mədəniyyətin, dilin inkişafı, milli və millətlərarası ənənələr və tarixi irsin qorunması üzrə komissiyasının üzvü olub.



Əzizə Cəfərzadə

ziz-_c-f-rzad

Azərbaycanın xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakıda anadan olub. Əzizə Cəfərzadənin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatında nüfuzlu yer tutur. Onun romanları əsasən tarix janrında yazılıb. Azərbaycan tarixinin müxtəlif dövrlərində baş verən hadisələr, keçmişimizdə əvəzolunmaz iz qoyan şəxsiyyətlərin parlaq obrazları həmişə Əzizə xanımın diqqət mərkəzində olub. Ə. Cəfərzadə ədəbi fəaliyyətə 1937-ci ildə, 16 yaşında başlayıb. Onun ilk hekayəsi "Əzrayıl" "Ədəbiyyat" qəzetində çap olunmuşdu. Əzizə Cəfərzadə həmçinin "Natəvan" filminin ssenarisinin, radio və televiziya verilişləri üçün çoxsaylı ssenarilərin, memuar və bayatıların müəllifidir. Televiziya və radioda "Klassik irsimizdən", "Aşıq Pəri" və s. çoxsaylı verilişlərin müəllifi və aparıcısı olmuşdur.  1979-cu ildə Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Bütöv bir millət Əzizə xanıma bir ana kimi sevgi və hörmət bəsləyirdi. Bu sevginin və hörmətin məntiqi nəticəsi kimi, o 2001-ci ildə "Azərbaycan Anası" adına layiq görülmüşdür.



Xose David Alfaro Sikeyros

original

Meksikalı rəssam, rəngkar, qrafik və muralist Xose David Alfaro Sikeyros 29 dekabr 1896-cı ildə Kamarqoda (Meksika) anadan olub. 1932-1936-cı illərdə Sikeyros əsasən ABŞ-da yaşayıb və işləyib. O, Los-Ancelesdə Çuinard İncəsənət Məktəbinin və Plaza İncəsənət Mərkəzinin fasadlarını bəzəyib. 1950-ci ildə Sikeyros Meksikadakı universitet şəhərciyinin binalarının fasadlarındakı mozaikaları, La-Pasa hospitalı və Çapultepek qəsrinin monumental kompozisiyalarını öz əsərlərinin siyahısına əlavə etdi.