Mərkəzi Neftçilər Xəstəxanası (MNX) yeddinci onilliyinə qədəm qoydu. Bir müddət əvvəl isə Azərbaycanın aparıcı tibb məkanlarından olan bu xəstəxananın 60 illiyi qeyd olundu. Bu illər ərzində xəstəxana təkcə yüksəkixtisaslı mütəxəssisləri, yeni diaqnostika və müalicə texnologiyaları, müasir tibbi avadanlıqları və pasiyentlər üçün rahat şəraiti ilə deyil, həm də onlara xüsusi münasibəti ilə də seçilib. Ona görə də müalicə üçün bura ölkənin hər bir nöqtəsindən gələnlərin sayı artır.
Xəstəxananın gündəlik işi və inkişaf perspektivləri haqqında We&WE jurnalının müxbiri İradə AĞAYEVAYA MNX-nın baş direktoru Leyla SEYİDBƏYOVA məlumat verib.


IMG_2555


Leyla xanım, artıq beşinci ildir ki, sizin xəstəxana SOCAR-ın tabeliyindən çıxaraq, Səhiyyə Nazirliyinin balansına keçməklə yeni iqtisadi şərtlər altında işləyir. Bu keçid zamanı hansı problemlərlə üzləşdiniz? Xəstəxana kompleksinin müasirləşdirilməsində investisiyalarla bağlı çətinlikləriniz olurmu?
Maliyyə problemi ilə rastlaşmadıq. Səhiyyə Nazirliyinin dəstəyi ilə binalarımız yenidən bərpa olundu, daha müasir avadanlıqlarla təchiz olunmuş şöbələrimiz təmir olundu. Bu vaxta qədər də MNX digər xəstəxanalardan texniki avadanlıqları ilə müsbət şəkildə fərqlənirdi, amma müasirləşmə prosesi bizim sahədə daimidir, avadanlıqlar köhnəlir, onların əvəzinə yeni, daha müasirləri gəlir. Ona görə bu istiqamətlə işlər davam edilib və bu gün də davam edir. Güclü maddi-texniki baza sayəsində biz Azərbaycanın ən yüksəktexnologiyalı və professional xəstəxanası statusumuzu qoruya bildik.


Bu gün xəstəxana kompleksinin strukturu necədir?
Kompleks özündə poliklinika şöbəsini, endoskopiya, urologiya, kardiocərrahiyyə, ümumi cərrahiyyə, terapiya, ümumi reanimasiya, transplantasiya şöbələrini, eləcə də doğum şöbəsini birləşdirir. Göstərilən bütün tibbi xidmətin mərhələləri dəqiq protokollar əsasında həyata keçirilir: xəstə qəbul şöbəsinə daxil olur, həmin anda diaqnostik müayinə aparılır, mütəxəssislər dəvət olunur, sayılı dəqiqələr içərisində diaqnoz təyin olunur və pasiyent müalicə üçün müvafiq profilli palataya yerləşdirilir.
Bizim çox güclü reanimasiya xidmətimiz var. Şöbədə aparıcı istehsalçıların ən müasir müalicə və diaqnostika avadanlıqları tətbiq olunur. Pasiyentlərin kritik vəziyyətlərində müasir müalicə üsullarından istifadə olunur. Şöbənin əməkdaşları mütəmadi olaraq dünyanın aparıcı klinikalarında təcrübə keçirlər.
Monitor orqanların işində dəyişiklikləri fiksə edərək, pasiyentin vəziyyətini nəzarətdə saxlayır. İndiki zamanda xəstənin vəziyyətinə bu cür nəzarət olmadan reanimasiyada və intensiv terapiyada göstərilən xidmətin yüksək keyfiyyətini təmin etmək olmaz.
Transplantasiya şöbəsini də xüsusi qeyd etmək istəyirəm. O, 2009-cu ildə ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Bu ölkəmizdə ilk belə xidmət idi və onun açılışı Azərbaycan səhiyyəsində mühüm hadisə oldu. Bizim şöbəmiz sayəsində orqan nəqli üçün artıq Türkiyəyə, İrana, Almaniyaya getməyə ehtiyac qalmayıb. Bu keçən zaman ərzində şöbədə 100-dən artıq xəstə qaraciyər nəqli əməliyyatı, 400-ə yaxın xəstə böyrək nəqli əməliyyatı keçirib. Təcrübəmizdən belə bir misal çəkim: bizim iki pasiyentimiz (birinə böyrək, digərinə qaraciyər nəql olunub), ailə həyatı qurdular, hamilə qaldılar və hər ikisi elə bizim xəstəxanamızda uğurla ana oldular. Bax belə xoşbəxt sonluqla bitən hadisələrimiz olur.
Yeri gəlmişkən, endoskopiya şöbəmiz də yeni yaranıb. Burada mədə-bağırsaq traktının yuxarı və aşağı ətraflarının (qastroduodenoskopiya, kolonoskopiya), bronxial ağacın (bronxoskopiya), sidik axarlarının (retroqrad xolangiopankreatoqrafiya) tədqiqatları aparılır. Urologiya şöbəsi də çox uğurla fəaliyyət göstərir. Bizim mütəxəssislər laporoskopik üsulla böyrəyi göbək deşiyindən çıxarırlar. Laporoskopik əməliyyatlar, minimal travmalı cərrahi müdaxilə olmaqla, cərrahlara, bu əməliyyatları kiçik kəsiklər vasitəsilə həyata keçirməyə imkan verir. Pasiyentlər üçün bu cür əməliyyatların üstünlüyü ondadır ki, ağrı sindromu azalır, xəstəxanada qalmaq zamanı qısalır, əməliyyatdan sonrakı bərpa dövrü tezləşir və sağaldıqdan sonra daha az iz qalır.
Daha bir yenilik Hipertoniya Mərkəzinin açılışı oldu. Hipertoniya – hiyləgər bir xəstəlikdir. "Ağrımayana kimi müalicə olunmuruq" prinsipi ilə yaşayan bir çox insanlar, infarkt və insult xəstəliklərinə necə yaxınlaşdıqlarını hiss etmirlər. Ona görə də "xəbərdar olunub, deməli silahlanıb" sadə həqiqəti əsrin bu cür xəstəliyinin profilaktikasının əsasını təşkil edir. Hipertoniyaya böyrək xəstəlikləri, ürək pozuntuları, nevroloji pozğunluqlar səbəb ola bilər. İnsanlar artıq mərkəzə kömək üçün müraciət edirlər. Diaqnostikadan sonra mütəxəssislər müalicə kursu təyin edirlər.


Xidmətləriniz ödənişlidir?
Bizim xəstəxana təsərrüfat hesablıdır, ona görə də bütün xidmətlərimiz ödənişlidir. Pasiyent öz müalicəsini tibbi sığorta əsasında və ya nağd qaydada ödəyir. Gəlirin 50 faizi personalın maaşına, qalan hissəsi isə kommunal xərclərə, dərmanların və qida məhsullarının alınmasına xərclənir.


Bu gün informasiya texnologiyaları olmadan tibb sahəsini təsəvvür etmək çətindir. MNX-da bu sahədə işlər necədir?
Fəxrlə deyə bilərəm ki, MNX – ölkədə ilk "rəqəmsal xəstəxanadır", burada demək olar ki, kağız sənədləşmə yoxdur. Bu həm mühasibatlığa, həm pasiyentlərin tibbi kartlarına aiddir. Əgər əvvəllər hər bir xəstənin kağız qovluqda saxlanılan şəxsi uçot vərəqəsi olurdusa, indi bu kitablar elektron qaydada mövcuddur ki, bu da həkimlərin vaxt xərcini xeyli azaltmış olur.
Türkiyənin Esim Software şirkətinin qurduğu OTOMATIP informasiya sistemi, müasir xəstəxananın idarə olunmasının bütün modullarını özündə birləşdirir. Sensor ekranı olan şəbəkə köşkü sayəsində pasiyent operativ şəkildə qeydiyyatdan keçə bilir, onun yaxınları isə pasiyentlə görüş təyin edə bilirlər. Xəstələr üçün "ağıllı" NFC-qolbaqları (Near Field Communication) və pasiyentin çarpayısının yanında yerləşdirilmiş planşetlər xəstə haqqında məlumatı daha əlçatan edir və bir çox prosedurları həyata keçirməyə imkan verir.
Qeyd etməliyəm ki, 2011-ci ildə Türkiyənin Standartlar İnstitutu MNX-nı İSO 9001 menecment keyfiyyəti sertifikatı ilə təltif etdi. Hər il audit keçirilir və bu sertifikat dəyişilməz olaraq təsdiq edilir.


Həkim personalınız kifayət qədərdirmi?
Xəstəxananın işçiləri tam ştatdadır. Bizimlə yüksəkixtisaslı mütəxəssislər çalışır, onların adları hətta Azərbaycan hüdudlarından kənarda da tanınır. Bir çoxları yüksək ixtisas kateqoriyasına sahibdirdirlər, 2 tibb üzrə elmlər doktorumuz və 25 tibb üzrə fəlsəfə doktorumuz var. Bizim həkimlər tez-tez beynəlxalq konfranslarda iştirak edir, xaricdə təcrübə keçirlər.
Qeyd etməliyəm ki, bizim personalın əsas hissəsini xaricdə təhsil almış mütəxəssislər təşkil edir. Hələ əvvəlki illərdə MNX-na ixtisaslaşmış aspirant təhsilini Türkiyənin tibb universitetlərində almış azərbaycanlı həkimlər dəvət olunmuşdu. Bu SOCAR-ın təşəbbüsü idi. Yeri gəlmişkən, bir çox tibb bacıları Türkiyə klinikalarında təcrübə keçiblər. Ona görə də bizim kollektivimiz stabildir, çalışqandır, yaradıcıdır və professionaldır. Səriştə və professionallıq qabiliyyətlərinə görə bizim uroloqlar, kardiocərrahlar və transplantoloqlar Qərb mütəxəssisləri ilə rəqabətə girə bilərlər.


Leyla xanım, zəhmət olmasa deyərdiniz, xəstəxananın direktoru (və ya baş həkimi) vəzifəsi tibbi yoxsa administrativ vəzifədir?
Direktor vəzifəsi özündə administrativ də daxil olmaqla bir çox funksiyaları ehtiva edir. Mən materialların, eləcə də avadanlıqların alınmasına, əməkdaşların əmək haqqlarının verilməsinə cavabdehəm, lakin ilk növbədə mən klinik iş üçün cavabdehəm. Ştat təyinatına görə isə bizim baş həkimimiz var hansı ki, müalicə işinə o cavabdehdir.
Mənə elə gəlir ki, tibb müəssəsinin rəhbəri həm menecer, həm də həkim olmalıdır. O, işin müalicə tərəfini və müalicə işini mütləq bilməlidir: bir mütəxəssis kimi o, pasiyentin müalicəsinin effektivliyinə qiymət verməyi bacarmalıdır. Digər sözlərlə, o, diaqnostika və müalicə məsələlərində səlahiyyətli olmalıdır.
Təcrübədə hər şey olur. Bəzən baş həkim çox gözəl mütəxəssisdir, xəstələri uğurla müalicə edir, onlara çoxlu vaxt ayırır, bununla belə, öz klinikasının təşkilati və maliyyə məsələlərini unudur ki, bu da bir sıra problemlərə gətirib çıxarır. Bəzən isə, əksinə də olur: çox da təcrübəli olmayan həkim çox uğurlu menecer olur, bu da ona işini təşkil etməkdə, yaxşı mütəxəssislərlə çalışmaqda, klinikasını reklam etməkdə ona yardımçı olur. Bu da çox vacibdir. Əsas heç bir xırdalığı nəzərdən qaçırmadan işi düzgün qurmaqdır. Əgər nəyisə nəzərdən qaçırmısansa, sona çatdırmamısansa bu, sonradan ciddi problemlərə yol aça bilər.


Həkim sənətində nəyi vacib hesab edirsiniz: biliyi, bacarığı, yoxsa pasiyentlərlə qarşılıqlı münasibətlərdə insanlığı?
Mən hər zaman insanlıq faktorunu, xəstələrə qarşı nəcib, diqqətli, qayğılı münasibəti birinci yerə qoyuram. Şübhəsiz, həkim bilik, təcrübə, professional göstəricilərə sahib olmalı, işini sevməli, xəstəni sevməli, mülayim olmalı, yenilikçi olmalı, təcrübədə yenilikləri tətbiq etməkdən qorxmamalıdır.


Bu gün bir çox gənclər tibbi, həkim sənətini seçirlər. Onlara başlıca hansı xüsusiyyətlər lazımdır?
Hər şeydən öncə məqsədyönlülük, səbr, dözümlülük, xəstə insanlara sağlamlıqlarına qovuşmağa yardım etməyə hər zaman təmənnasız hazır olmaq. Mən öz sənətimi ancaq hər bir işdə məsuliyyətli olan gənclərə məsləhət görə bilərəm. Başqa sözlə desək, öz gücündə və imkanlarında şübhə edən insanın bu qədər mürəkkəb təhsil istiqamətini seçməsinə ehtiyac yoxdur.


Siz necə dincəlirsiniz? Ümumiyyətlə, istirahət üçün vaxt tapırsınızmı?
Öz həyatımı mən iki hissəyə ayırmışam. Birinci hissə - mənim ailəm, yaxınlarımın sağlamlığı, ev işləridir. Mənim qızım da tibb işçisidir, o, uşaq həkimidir, elmi dərəcəsi var, Azərbaycan Tibb Universitetinin pediatriya kafedrasında işləyir. Kürəkənim diplomatdır, Azərbaycanın Türkiyədəki səfirliyində işləyir. Həyat yoldaşım Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Stomatologiya kafedrasının müdiridir. Böyük nəvəm Seyid Oqtay Türkiyədə liseydə oxuyur. Çox qabiliyyətli gəncdir: şer və inşa yazır, gözəl rəsm çəkir, onun əl işləri müxtəlif sərgilərdə nümayiş olunub. Mənim əkiz nəvələrim də var indi onlar üç yaşındadır.
Ev işləri ilə özüm məşğul oluram – təmizlik, yemək hazırlamaq, bazarlıq etmək və s. Bu işləri heç kimə etibar etmirəm. Çalışıram hər şeyi çatdırım ki, ev və təsərrüfatla heç bir problem yaşanmasın. Xəstəxanaya gəldikdə, mən gündəlik işimlə rahat məşğul ola bilim, müxtəlif məsələləri həll edim, heç nə məni yayındırmasın, özümü tamamilə işimə verim. Axı xəstəxana olduqca mürəkkəb sahədir, o, hər zaman düzgün təşkilat, daimi nəzarət və tez-tez operativ müdaxiləni tələb edir.
Mənim iş günüm nizamsızdır. Bütün işlərimi bitirməsəm, evə getmirəm. Əfsuslar olsun ki, hər zaman istirahət edə bilmirəm. Boş vaxt tapan kimi teatra, konsertə gedirəm. Enerji mənbəyini isə məhz öz işimdən alıram.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb