Kouçinq (ing. coaching) – elə bir treninq üsuludur ki, bu prosesdə "kouç" adlanan insan, öyrənən insana müəyyən həyatı və professional məqsədlərə çatmaqda yardım edir. Kouçinq ümumi inkişafa yox, dəqiq müəyyən olunmuş məqsədlərə çatmağa yönəlib.
"Master Coach Azerbaijan" kouçinq məktəbinin təsisçisi və rəhbəri Səbinə Rəhimova ilə müsahibə


sabina ragimova

Səbinə xanım, psixologiya sizin həyatınıza necə gəldi? Nə üçün məhz bu sahə sizi maraqlandırdı?
Lap uşaq vaxtlarından mən məsləhətlər verməyi sevirdim, o dərəcədə ki, bəzən bu, böyüklər tərəfindən birmənalı qarşılanmırdı. Çoxlu sual verməyi, insanlara kömək etməyi sevirdim, bununla bu gün də məşğulam. Mənim anam psixoloqdur, mən də məhz bu sənəti seçmək istəyirdim. Düzdür, anam məni fikrimdən daşındırmağa çalışırdı, çünki, bu sənətə tələbatın çox olmadığını düşünürdü. Odur ki, mən Bakı Dövlət Universitetinin iqtisadiyyat fakultəsini bitirmişəm. Paralel olaraq psixologiya fakültəsinə qəbul olmaq arzusuyla psixologiya kurslarında iştirak edir, bu mövzuda ədəbiyyat oxuyurdum. Lakin son anda özüm üçün kouçinq kimi bir ixtisaslaşma aşkar etdim və təhsilimi bu yöndə davam etməyi qərara aldım. Kouçun işi müəyyən mənada psixoloqun işinə oxşardı. Lakin psixologiyadan fərqli olaraq kouçinq indiyə, gələcəyə və fəaliyyətə istiqamətlənib. Başqa sözlə desək, daha az analiz, daha çox fəaliyyət.
Keçən ilin iyul ayında mən "Master Coach Azerbaijan" məktəbini açdım və professional olaraq kouçinqla məşğul olmağa başladım. Mənim tərəfdaşım və məktəbin həmtəsisçisi "Master Coach Ukraine" brendinin yaradıcısı Aleksandr Tişukdur.

Hansı müştərilərlə işləməyi sevirsiniz? Hansı müştəri olduqca mürəkkəb, hansı olduqca sadədir? İstədiyiniz nəticəni əldə edə bilmədiyiniz vəziyyətlər olubmu?
Bilirsiniz, sadə və mürəkkəb müştərilər olmur. Psixologiya ilə kouçinq da bununla bir birindən fərqlənir. Bizim üçün bütün müştərilər bizə maraqlıdır. Hər bir insan individualdır, hər biri bizə öz böyük baqajı ilə gəlir və bu möhtəşəmdir. Biz insanın daxili bazasının necə açıldığını seyr edirik.
Mən "transformasiya kouçinqi" istiqamətini seçmişəm. İşimin dövriliyi 1 aydan 3 aya qədər müddəti əhatə edir. Belə ki, transformasiya ortalama məhz bu zaman kəsiyində baş verir. Sonra 6 ay və ya bir il ərzində nəticəni seyr etmək olar - insan daha çox açılır və özünü daha dərin dərk edir. Bu çox maraqlıdır. Mənim ikinci istiqamətim - biznes-kouçinq, biznes-strategiyalardır. O, özündə komandalı kouçinqi, kouçinq elementlərinin işə tətbiqini birləşdirir, bu da yaxşı nəticələr verir. Əlbəttə, komanda ilə işləmək çox çətindir, çünki burada bir insan deyil, bütün müəssisə canlı alətə çevrilir. Lakin, bununla belə, insanları kollektiv ilə qarşılaşdırmaq çox maraqlıdır, burada başqa bir strategiya lazımdır.

Sizə hansı problemlərlə daha tez-tez müraciət edirlər?
İnsanlar daha çox öz axtarışlarındadırlar. Bununla əlaqədar, mən bir sual verirəm: "Sən özünü harada itirmisən?" Əslində hər şey buna gətirib çıxarır. İnsanların əsas məsələləri – onlara lazım olanı axtarmaqdır. Postsovet dönəmində yetişən nəsil, tətbiq stereotipləri ilə qarşı-qarşıya qaldı. Doxsanıncı illərin nəsli elə bir dövr yaşadı ki, o zaman köhnə qurum dağıldı, yenisi isə hələ formalaşmamışdı. Ona görə də bu nəsil üçün xarakterik problem özünü, öz daxili motivlərini axtarışda nəticələnir. Əlbəttə, növbəti nəsil üçün bu mənada daha asan olacaq.

Gündəlik həyatda psixologiya bilikləriniz və insanların davranışı sizə yardım edirmi?
Əlbəttə, sözsüz. İlk növbədə qızımla. Onun 4 yaşı var və onun açılması üçün şərait yaratmaq çox maraqlıdır. Baxmayaraq ki, onun dörd yaşı var, onun öz fikri var. Nə geyinəcəyinə, nə seçəcəyinə o, özü qərar verir, o, sərbəst qərarlar qəbul etməyi öyrənir. Mən bununla fəxr edirəm, çünki mən özüm sərbəst qərar qəbulu anına çox gec gəlmişəm. Əlbəttə, insanların psixologiyalarını bilmək mənə digər insanlarla, valideynlərlə, dostlarımla ünsiyyət qurmağa çox yardım edir.

sabina ragimova

Sizin sənətin nümayəndələrinin özlərinin psixoloji yardıma ehtiyacı çoxmu olur? Psixoloqlar "özünümüalicə" ilə məşğul olurlarmı və ya öz həmkarlarına müraciət edirlərmi?
Kouçinq və psixologiya oxşardır. Kouçinqin fərqi ondadır ki, o bir tək psixoloji xəsarətlərlə məşğul olmur. Bəli, hər bir kouça öz kouçu lazımdır, necə ki, hər psixoloqa öz psixoloqu. Şəxsən mən kouçlarla işləməyə üstünlük verirəm. Mənim müəllimim müntəzəm olaraq mənimlə sessiyalar keçirir. Mənə mənim həmkarlarım da yardım edir. Bu çox vacibdir, çünki özünümüalicə hər zaman effektiv olmur. Axı stomatoloq kömək üçün digər stomatoloqa müraciət edir, deyilmi?

Sizin üçün bahar nədir, ilin bu fəsli sizdə hansi hissləri oyadır?
Mənim üçün bahar, ilk növbədə, mənim ad günümlə bağlıdır. Yaz mənim üçün enerji axını, təbiətin oyanması, müsbət emosiyalardır, ilin bu fəsli çox xüsusidir. Mən baharı çox sevirəm. Sanki insan yenidən doğulur və baharın oyanışının bu anını bütün qəlbinlə yaşamaq çox məsləhətdir.

Həyat şüarınız nədir?
Mən öz şüarımı çox dəqiq formalaşdıra bilərəm: özümün ən yaxşı variantım olmaq. İnsan öz taleyini özü qurur və Allah tərəfindən bizə verilmiş sonsuz sayda seçimlərimiz olur, bunların arasında biz istədiyimizi seçə bilərik. Mən öz müştərilərimi də bu məqsədə nail olmağa çağırıram. Bizim şirkətin şüarı belədir - "Digərlərinə qazanmağa imkan ver və özün də qazan".

Necə istirahət etməyi sevirsiniz?
Mənim bir neçə istirahət növüm var. Səyahət etməyi çox sevirəm. Şəhər kənarına çıxmaq, istənilən rəsm dəyişikliyi mənim üçün möhtəşəm istirahətdir. Qızımla vaxt keçirməyi də çox sevirəm. Mən onunla atraksionlara gedəndə, məncə mən, ondan daha çox əylənirəm. Biz tez-tez birlikdə oynayırıq. Mən ailəmlə və ya dostlarımla birlikdə toplanmağı da çox sevirəm.

Hesab edirsinizmi ki, Azərbaycanda qadınlar kişilərlə bərabər hüquqa malik olmağı bacarıblar? Hazırda qadınların cəmiyyətdə rolunu necə qiymətlənirərdiniz?
Hesab edirəm ki, bizi kişilərlə müqayisə etmək lazım deyil. Bu iki fərqli insan kateqoriyalarıdır, onlar bir-birilərini tamamlayırlar. Mənə elə gəlir ki, bir-birini tamamlamaq daha effektivdir, nəinki yarışmaq. Bir baş yaxşıdır, ikisi ondan da yaxşıdır. Bu iki baş fərqli düşünəndə isə bu lap yaxşıdır.
Elə bir dövr var idi ki, qadın ancaq ailəsi ilə birgə düşünülürdü. Sonra biz bu stereotipləri aşmağı bacardıq və indi bir çox uğurlu qızlar ailəni unudaraq, karyeranı seçirlər. Əslində isə qadın xoşbəxtliyi məhz həyat yoldaşınla, uşaqlarınla birgə ailə səadətidir. Lakin bu qadının həyatında az yer tutmadığı ilə ziddiyyət təşkil etməməlidir.

Sizcə, müasir qadın hansı xüsusiyyətlərə sahib olmalıdır?
Müasir qadın sözün əsl mənasında qadın olmalıdır və öz gözəlliyini unutmamalıdır. Hər bir qadın gözəldir. O, öz daxili dünyası, öz şəxsi əhatəsinin qayğısına qalmalı, özü özünə maraqlı olmalı və öz cazibəsini ətrafındakılara, ailəsinə, işinə yaymalıdır.

Feminizm sizin üçün nədir? Feminist olmaq istəyərdinizmi?
Feminizmə müəyyən tarixi dövr ərzində ehtiyac duyulub, çünki qadının demək olar ki, heç bir hüququ yox idi. "Qadın" kəlməsi ciddiyə alınmırdı. Lakin bütün bunlar artıq geridədir.

Sizin üçün hansı daha önəmlidir: qadın dostluğu yoxsa qadın həmrəyliyi? Bu anlayışları bir-birindən ayırırsınızmı?
Həm qadın dostluğu, həm qadın həmrəyliyi. Hesab edirəm ki, ikisi də eyni dərəcədə vacibdirlər. Düzdür, qadın həmrəyliyi, zənnimcə, nəyəsə mütləq ziddiyyət təşkil etməlidir. Ona görə də, mən hər halda qadın dostluğunu seçərdim: nəyəsə qarşı durmağa ehtiyac yoxdur, yaxşısı dostluq etməkdir.