EMİN MİRZƏYEV: “BİZİM ƏSAS MƏQSƏDİMİZ - İDXAL ƏVƏZİNƏ YERLİ MƏHSULUN İNKİŞAFINA YARDIM ETMƏKDİR”

Gilan İndustrial Group ölkədə ən böyük şirkətlər qruplarından biridir və bu gün Respublikamızda sənayenin, kənd təsərrüfatının və iqtisadiyyatın bir çox digər sahələrinin inkişafına yaxından kömək edir. Ölkənin aparıcı holdinqlərindən birinin bu gün necə yaşadığı haqqında, jurnalımıza müsahibəsində Gilan Industrial Group şirkətinin baş direktoru Emin Mirzəyev danışdı.

Emin müəllim, zəhmət olmasa, rəhbərlik etdiyiniz şirkət haqqında və onun qeyri-neft sektorunun inkişafına nə kimi töhfələr verdiyi barədə məlumat verərdiniz.

Məlum olduğu kimi, Möhtərəm Prezident İlham Əliyev Cənablarının rəhbərliyi altında ölkədə keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biri sənayenin qeyri-neft sektorunun inkişafı hesab olunur. Bu, əhalinin məşğuliyyəti, gəlirlərin səviyyəsi, ixtisaslı işçi qüvvəsi kimi bir sıra sosial və elmi aspektlər nöqteyi-nəzərindən çox vacibdir. Gördüyümüz kimi, qeyri-neft sektorunun inkişafı sürətli templə gedir. Sevindirici haldır ki, bunun üçün şərtlər və resurslar kifayət qədərdir. Son illərdə Azərbaycanda qabaqcıl texnologiyadan istifadə edən bir çox rəqabətə dayanıqlı müəssisələr yaradılmışdır.

Mənim rəhbərlik etdiyim Gilan İndustrial Group iqtisadiyyatın müxtəlif sahələrində - tikinti materiallarının istehsalı, tekstil sənayesi, kənd təsərrüfatı, yüngül sənaye və bir çox digər sahələrdə fəaliyyət göstərən onlarla sənaye müəssisələrini özündə birləşdirir.

Biz keramik plitələr, gips-karton plitələri, sendviç-panellər, sement və gips qarışıqları, izolyasiya materialları, beton, ipliklər, parçalar və digər tekstil məhsulları, pestisidlər, suvarma sistemləri və digər məhsullar istehsal edirik. Bundan başqa, biz dünyanın qabaqcıl istehsalçılarından unikal eksklyuziv məhsullar idxal edirik. Gilan İndustrial Group-un müəssisələri Azərbaycanın müxtəlif bölgələrində yerləşir; əməkdaşlarının ümumi sayı isə 3 min nəfərə qədər təşkil edir.

Bizim əsas məqsədimiz – Azərbaycanın resurslarından effektiv istifadə etməklə, idxal əvəzinə yerli məhsulun üstünlüyünə diqqət yetirmək və təcrübəli yerli kadrların köməyii ilə qabaqcıl texnologiyalardan istifadə etməklə rəqabətə davamlı məhsulların istehsalına nail olmaqdır. Xüsusilə də, biz müəssisələrimizdə İtaliyadan, Almaniyadan, İsveçrədən və Yaponiyadan gətirilmiş xüsusi ixtisaslaşdırılmış avadanlıqlardan istifadə edirik, bizim əməkdaşlar isə müntəzəm olaraq həmin istehsalçı ölkələrdə treninqlərdə iştirak edirlər. Nəticədə, avadanlığın təhlükəsiz və daha effektiv istismarı təmin olunur ki, bu da istehsal prosesinin ətraf aləmə neqativ təsirini azaldır.

Qeyd etmək istəyirəm ki, daxili bazarda tələbatın qarşılanması ilə birgə, biz həm də məhsullarımızın bölgədəki digər ölkələrə ixracı şərtlərini də araşdırır, yeni müəssisələrin yaradılması üzərində işləyir və mövcud olanları genişləndirməklə məşğul oluruq. İstehsal etdiyimiz məhsullar rəqabətə dayanıqlı olur və idxal-ölkələrin yüksək tələblərinə cavab verir.

Gilan İndustrial Group tikinti sektorunun inkişafına öz böyük töhfəsini verir. Tikinti məhsulları istehsal edən müəssisələriniz haqqında məlumat verə bilərsinizmi?

Tikinti sektorunda biz bir neçə müəssisə ilə təqdim olunmuşuq: bu şirkətlər Gilan Seramik, Gilan&Knauf, Gilan Pacific, Gilan Beton və digər zavodlardır.

Ayrıca olaraq Gilan Seramik zavodu üzərində dayanmaq istəyərdim, belə ki, orada Cənubi Qafqazda ən böyük plitələr istehsal edilir. Müəssisə öz fəaliyyətinə 2014-cü ildə başlayıb və 26 hektarlıq sahədə istehsal etdiyi məhsulları ilə Azərbaycanın keramika plitə tələbatının 40%-ni ödəyir. Hal-hazırda istehsalat davamlı olaraq həftədə 7 gün 24 saat çalışır, bu da onu sübut edir ki, bizim istehsal məhsullarımız istehlakçılarda xüsusi tələbat yaradır. İstehsal olunan keramik plitənin keyfiyyəti dünya istehsalçıları məhsullarından heç nə ilə geri qalmır.

Keramik plitələrin istehsalında yerli xammaldan istifadə olunurmu?

Qismən. Hər il müəssisəyə 80 min ton xammal tələb olunur. Şirkət keramika plitələrinin kütləsini formalaşdırmaq üçün istifadə olunan əsas xammalın lokallaşdırılması sahəsində çox işlər görmüşdür. Bizim geoloji kəşfiyyat qrupumuzun səyləri nəticəsində, yeni feldispat və kaolin yataqları, eləcə də bu növ istehsal üçün unikal xammal – Ukraynada dünyanın 90% istehsalçılarının satın aldıqları muskovit gilinin yeni yataqları aşkar olunmuşdur.

Bununla belə, keramik plitələr üçün istifadə olunan maddələr bəzi kimyəvi məhsullar İtaliyadan və İspaniyadan satın alınır, belə ki, bu, məhsulun beynəlxalq standartlara cavab verməsi üçün çox vacib bir komponentdir.

Tikinti materialları sahəsində Gilanın tərəfdaşları arasında dünyanın məşhur brendləri də var…

2006-cı ildə Goranboy rayonunda dünya şöhrətli alman şirkəti Knauf International ilə birlikdə Gilan&Knauf müəssisəsi yaradıldı.

Şirkət gips-karton panelləri bazarında mütləq lider hesab olunur, biz həmçinin gips əsaslı quru qarışıqlar, yaşayış binalarının, məktəblərin, xəstəxanaların, alış-veriş və biznes mərkəzlərinin, idman komplekslərinin və mehmanxanaların tikintisində istifadə olunan metal profillər istehsal edirik. Yerli tikinti materialları bazarındakı işlərimizdən əlavə, keçən ildən bəri, Gilan&Knauf tərəfindən istehsal olunmuş gips-karton plitələrinin və quru gips qarışıqlarının Gürcüstana ixracına da başlamışıq.

Gilan&Knauf təkcə tikinti materiallarının istehsalı ilə deyil, eləcə də Knauf Group şirkətinin istehsal etdiyi tam unikal tikinti materiallarının eksklyuziv idxalı ilə də məşğuldur, bunların arasında, artıq özlərini dünya bazarında uğurla təsdiq etmiş akustik panellər, akvapanellər, tikinti lentləri, daş yunu və bir çox digər müasir tikinti materiallarını misal çəkmək olar.

Gilanın digər müəssisələrində başqa hansı tikinti materialları istehsal olunur?

Məsələn, bizim 5 beton zavodumuz, 3 asfalt zavodumuz var. Beton istehsalı zavodları Bakıda, Sumqayıtda, eləcə də bölgələrdə - Qəbələdə, Zaqatalada və Lənkəranda yerləşir. Mövcud olduğu 10 illik zaman ərzində bu şirkət öz sektorunun liderinə çevrilmişdir. Bu gün, adi betondan əlavə, biz, digər növlər – fibrobeton, rəngli beton, sulfata davamlı beton, özühamarlanan beton da istehsal edirik.

Asfalt istehsalı üzrə 3 zavodumuz var: Yevlaxda, Lənkəranda və Qazaxda. İstehsal etdiyimiz asfalt hər bir infrastruktur layihəsinə uyğundur və Azərbaycanın tələbatının böyük bir qismini ödəyir. O, AASHTO-nun (American Association of State Highway and Transportation Officials), ASTM-in (American Society for Testing and Materials) və GOST-un standart tələblərinə cavab verir.

Həmçinin, bizim qrupun daxilinə karxanalar da daxildir ki, orada biz lazım olan xammalın bəzilərini əldə edirik. Onların arasında gips yataqları, eləcə də Qəbələdə, Lənkəranda və Tərtərdə yerləşən qum və çınqıl karxanaları daxildir.

Biz həm də sendviç-panellər istehsal edirik. Fabrikin illik istehsal gücü 1,5 milyon kvadrat metr panel təşkil edir. Fabrik davamlı istehsal texnologiyasına malik olan İtaliya istehsal xətti ilə təchiz olunmuşdur.

Bundan başqa, elə həmin fabrikdə biz, istilik izolyasiyalı panellər, kimyəvi tikinti materialları, tikintidə istifadə olunan sement əsaslı quru qarışıqlar da istehsal edirik. Bunların hamısını Gilan Pacific şirkəti istehsal edir.

Sizinlə danışmaq istədiyimiz daha bir sahə - kənd təsərrüfatıdır. Hökümət bu sahənin inkişafını iqtisadiyyatın qeyri-neft modelinə keçid zamanı əsas prioritetlərdən biri hesab edir. Bu istiqamətdə Gilan kimi böyük holdinqlərin rolu çox mühümdür. Zəhmət olmasa, qeyd edərdiniz, rəhbərlik etdiyiniz sənaye qrupu bu gün kənd təsərrüfatının inkişafına hansı dəstəyi göstərir?

Hal-hazırda bizim müəssisələrimizdən biri olan Aqrokimya-Azərbaycanda – Sumqayıt kimyəvi-sənaye parkında «Doktor Aqro» brendi altında 145 növ pestisid istehsal olunur ki, bunlar fermerlərə məhsulun məhsuldarlığını və öz gəlirlərini artırmağa kömək edir.

Biz bu layihəni çox mühüm hesab edirik, çünki kənd təsərrüfatının aktiv inkişafı sayəsində bitkilərin mühafizəsi sahəsində tələblər nəzərəçarpacaq dərəcədə artmışdır. Ona görə də ölkəmizdə bu cür zavodun olması maddi vəsaitin ölkə xaricinə axmasının qarşısını alacaq və məhsullarımızın yüksək keyfiyyəti və rəqabətə davamlı qiymətləri sayəsində fermerlərə istehsalı artırmağa və xərcləri azaltmağa kömək edəcək.

Zavod bitkilərin mühafizəsi üçün 10 min tondan artıq məhsul istehsal etməyə qadirdir. İstehsal etdiyimiz məhsulun keyfiyyətinin yoxlanılması üçün biz xüsusi laboratoriya yaratdıq.

Bu regionda ilk, öz sahəsində unikal müəssisə müxtəlif növ bitkilərin - funqisidlərin, insektisidlərin, akarisidlərin, defoliantların və digərlərinin mühafizəsi üçün tələb olunan məhsullarla yerli bazarın tələbatlarını tam ödəyə bilir.

Bundan başqa, biz məhsullarımızın qonşu ölkələrə ixracını da planlaşdırırıq və artıq bu istiqamətdə işlərə başlamışıq. Baxmayaraq ki, zavodun açılışı çox yaxın keçmişdə (bu ilin əvvəlində) olub, biz artıq həm yerli bazarda, həm də Gürcüstana ixrac vasitəsilə bəzi satışlar icra edə bilmişik.

Kənd təsərrüfatı sahəsində bizim digər layihəmiz pivot (dairəvi) suvarma sistemlərinin istehsalıdır. Belə bir layihə Azərbaycanda ilk dəfədir ki, reallaşdırılır. Neftçalanın Sənaye məhəlləsində yerləşən zavod, dünya şöhrətli Valley Irrigation Systems brendi altında məhsul istehsal edəcək, bu da Amerikanın Valmont şirkəti ilə eksklyuziv razılaşma sayəsində mümkün olmuşdur.

Bəs bu məhsullar ancaq daxili bazara çıxarılacaq, yoxsa siz ixracı da nəzərdə tutmusunuz?

Azərbaycan bizim üçün prioritet bazar hesab olunur, ona görə də suvarma sistemləri ilə ilk növbədə yerli fermerlər təmin olunacaq. Lakin, biz eyni zamanda suvarma sistemləri ilə İranı, Orta Asiya respublikalarını və MDB-nin digər ölkələrini də təmin etmək niyyətindəyik. Bu suvarma sistemlərinin istifadəsi kənd təsərrüfatı məhsullarının istehsalını intensivləşdirməyə və yüksək rəqabət qabiliyyətinə nail olmağa imkan verəcək. Hesab edirəm ki, bizim layihəmiz kənd təsərrüfatı məhsullarının istehsalının genişlənməsində mühüm rol oynayacaq, bu da öz növbəsində, yeni iş yerlərinin açılmasına, eləcə də Azərbaycan iqtisadiyyatının karbohidrogen istehsalından asılılığını aradan qaldırmağa şərait yaradacaq.

Səhv etmirəmsə, Gilan İndustrial Group-un tərkibinə tekstil məhsullarının istehsalı ilə məşğul olan müəssisələr də daxildir.

Elədir ki, var. 2012-ci ildə Sumqayıt şəhərində, regionda analoqu olmayan Gilan tekstil parkı fəaliyyətə başladı.

Parkın fabrikləri şaquli inteqrasiya sistemi əsasında düzülüb və tekstil istehsalının bütün texnoloji zəncirini əhatə edir. Burada ipliklər, parçalar, yataq dəstləri, yumşaq yun məhsullar, dəsmallar, trikotaj məhsullar istehsal olunur və sifarişlə geyimlər (suyadavamlı və odadavamlı xüsusi geyimlər, hərbi və xəstəxana geyimləri, xalatlar və s) həyata keçirilir. Bütün məhsullar Giltex ticarət nişanı altında istehsal olunur.

Biz, istehsalda, insanların sağlamlığına zərər vura biləcək hər hansı bir kimyəvi maddədən istifadə etmirik. Bu məhsullar, həmçinin digər müəssisələrimizin bütün məhsulları beynəlxalq standartlara cavab verir. Bizim tekstil məhsullarımız xaricə: Türkiyəyə, Rusiyaya, Ukraynaya, Belarusiyaya və digər ölkələrə ixrac olunur.

Gilan İndustrial Group yüngül sənayenin digər sahələrində də təqdim olunub. Gilanın bu müəssisələri haqqında bir neçə kəlmə deyə bilərdinizmi?

Həqiqətən də, bizim qrupun tərkibinə sənaye sahəsində fəaliyyət göstərən 15 müəssisə daxildir. Onların arasında plastik qablaşdırma və dəri emalı zavodlarını xüsusi qeyd etmək istərdim.

Plastik qablaşdırma zavodunun əsası 2007-ci ildə qoyulub və həm individual istehlakçılar, həm də biznes üzvləri üçün plastik qablaşdırma istehsal edir. Məsələn, zavodda məişətdə istifadə olunan plastik qablaşdırmalar və qida qablaşması məhsulları ilə bərabər, istixanaların örtülməsi üçün polietilen rulonlar və müəssisələrə lazım olan müxtəlif plastik qablaşdırma vasitələri də istehsal olunur.

Zavod üçün avadanlıqları biz Türkiyə və Cənubi Koreyadan gətirtmişik. Bu arada, zavodda həmçinin, qida sənayesi üçün bəzi köməkçi məhsullar da istehsal olunur.

Dəri emalı zavodu 2005-ci ildən Yevlaxda fəaliyyət göstərir. O, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yaradılmışdır və 46,7 min kvadrat metr ərazini əhatə edir. Zavodda yüksək keyfiyyətli dəri istehsal olunur, sonradan bu məhsul Portuqaliyaya, İtaliyaya, İspaniyaya və Türkiyəyə ixrac olunur. Zavodun sutkalıq istehsal gücü 27 ton dəri təşkil edir.

Zavodun avadanlıqları məşhur İtaliya şirkətləri olan CM, Aletti, Poletto, Flamar Tomboni və Alpek şirkətləri tərəfindən təmin olunub, bu da bizə, dünya standartlarına cavab verə bilən dəri istehsal etməyə imkan verir.

Azad Həsənli